“Taliban”ı rəsmi olaraq tanımağa tələsməməliyik”.
Bunu Rusiya Prezidenti Vladimir Putin MDB dövlətlərinin rəhbərləri ilə keçirilən videokonfransda deyib.
“Onlarla qarşılıqlı əlaqə qurmalı olduğumuzu anlayırıq, amma tələsməməliyik. Birlikdə müzakirə edəcək və sizinlə məsləhətləşəcəyik”, – Putin bildirib.
Qeyd edək ki, “Taliban”ın rəsmi nümayəndə heyəti 14 oktyabrda Ankarada Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşdü.
Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə “Taliban” nümayəndə heyətinin gələn həftə Moskvada səfərdə olacağını açıqlayıb.
Maraqlıdır, dünya dövlətləri yaxın zamanda “Taliban”ı rəsmi şəkildə tanıyacaqmı, yoxsa bu proses uzanaraq onların Əfqanıstanda qeyri-leqal hökumət olması ilə nəticələnəcək?
Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, “Taliban”ı rəsmi şəkildə tanımaq üçün hələ zamana ehtiyac var:
“Ümumiyyətlə, “Taliban”ın dünya dövlətləri tərəfindən tanınması Əfqanıstanda hökumətin formalaşması, qadınların hakimiyyətə cəlb olunması kimi addımlardan asılı olacaq.
Hər halda “taliblər” də təcrid vəziyyətində qalmaq istəməyəcəyi üçün onlara qarşı qoyulan şərtlərə əməl etməlidir. Düşünürəm ki, gec-tez “Taliban” hakimiyyəti tanınacaq.
Çünki hazırda başqa bir çıxış yolu da mövcud deyil. Nəzərə almaq lazımdır ki, Əfqanıstana rəhbərlik və nəzarət edən məhz “Taliban” hərəkatıdır. Həmçinin, Əfqanıstanla humanitar, iqtisadi və siyasi əlaqələrin qurulması üçün onlarla danışıqlara gediləcək.
Bununla yanaşı ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra bu ölkədə müəyyən bir boşluq yarandı. Onu da unutmaq olmaz ki, dünya dövlətləri üçün hər hansısa bir hakimiyyətin və ya hərəkatın dünya görüşündən daha çox o ölkədəki geosiyasi maraqları daha üstündür.
Ona görə də Türkiyə və Rusiya ABŞ-ın Əfqanıstandakı boşluğunu doldurmağa çalışır. Rusiyanın ümumiyyətlə, bu ölkədə keçmişdən maraqları var. Həmçinin, geosiyasi reallıqları nəzərə aldıqda görürük ki, Türkiyə və Rusiya Əfqanıstanda Suriyada olduğu kimi birgə əməkdaşlıq edə bilər”.