Yermakın “ikinci Prezident” iddiası Kiyevi qarışdırıb, məmurlar Zelenskiyə şikayət edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri mənbəyə istinadən məlumat yayıb. Ukraynanın yüksək vəzifəli məmurları Andrey Yermakın vəzifəsindən uzaqlaşdırılması üçün Zelenskiyə müraciət ediblər.
Məlumata əsasən, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakı vəzifəsindən uzaqlaşdırmaq üçün hazırlanan “plan”da Baş nazir Yuliya Sviridenko və Ali Radanın sədri Ruslan Stefançuk iştirak edib.
Nəşr yazır ki, noyabrın sonunda Stefançukun kabinetində Sviridenko və prezidentin “Xalqın xidmətçisi” partiyasının əsas nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Vladimir Zelenskini Yermakı işdən çıxarmağa necə “razı salmaq” yolları müzakirə olunub.
Danışıqlarda iştirak edən məmurlardan biri vəziyyəti belə izah edib: “Əvvəlcə Yermakla işləmək normal idi, ta ki o, bir prezidentin olduğunu, özünün isə “II Prezident” olacağını qərara alana qədər”.
Bildirilir ki, zaman keçdikcə Sviridenko üçün də Ofis rəhbəri ilə əməkdaşlıq etmək çətinləşib. Həmin vaxt Yermakın artıq komandadakı demək olar ki, hər kəslə mübahisə etdiyi qeyd olunur.
Mənbənin sözlərinə görə, müzakirələrdən sonra görüş iştirakçıları Zelenskiyə zəng edərək, Yermakın niyə işdən çıxarılmalı olduğunu izah ediblər.
Xatırladaq ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak noyabrın 28-də istefa verib.
Xuraman Etibarlı
İnterpress.az






