Sentyabrın 5-dən etibarən Yunanıstanın Thessaly bölgəsini, xüsusilə Volos, Pilio, Larisa, Trikala və Kardiça kimi əyalətləri təsir edən şiddətli yağış və sel nəticəsində həyatını itirənlərin sayı 10-a yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias açıqlamasında xüsusilə Pinio çayının daşması nəticəsində bir çox kəndin su altında qaldığını bildirib.
Kikilias sel şəraitinin daha da pisləşə biləcəyini və diqqətli olmaq lazım olduğunu bildirib. Çərşənbə axşamı günündən bu yana daşqın nəticəsində həyatını itirənlərin sayının 10-a yüksəldiyini açıqlayan Kikilias, 4 nəfərin hələ də itkin düşdüyünü bildirib.
Kikilias qeyd edib ki, bölgədə axtarış-xilasetmə əməliyyatları və kəndlərdə qapalı qalanlara ərzaq və su paylanması üçün 20 helikopter işləyir.
Silahlı Qüvvələrin də iştirak etdiyi axtarış-xilasetmə əməliyyatları zamanı bölgədən 2 minə yaxın insan xilas edilib.
Pinio çayının daşması nəticəsində bölgədə suyun hündürlüyü 9 metrə çatıb. Daşqın təhlükəsinə qarşı tədbir olaraq bölgənin bir çox kəndi boşaldılıb.
Təbii Fəlakətlərlə Mübarizə və Geologiya Mütəxəssisi Prof. Dr. Efthimios Lekkas Yunanıstan Dövlət Televiziyası ERT-yə verdiyi açıqlamada daşqının ölkədə kənd təsərrüfatı istehsalına vurduğu zərərin 1 milyard avronu keçə biləcəyini qeyd edib. Lekkas su basan bir çox evin yararsız hala düşdüyünə diqqət çəkib.
Bölgədə su və elektrik kəsintiləri davam edərkən, sel nəticəsində Volosun su və kanalizasiya sisteminə böyük ziyan dəydiyi üçün vətəndaşlar da içməli su qıtlığı yaşayırlar.