Azərbaycan 30 ilə yaxın bir müddətdə davam edən Qarabağ problemini 44 günlük müharibə ilə başa çatdırdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə Azərbaycan Ordusu uzun illər davam edən işğalı qələbə ilə yekunlaşdırdı. 90-cı illərin ağır şərtləri çərçivəsində itirilmiş torpaqların azad edilməsi heç də təsadüfi deyil. Hərbi sahədə aparılan islahatlar xarici siyasətlə vəhdət təşkil etdi. Dövlət başçısı hər il ordu quruculuğuna, hərbiçilərin peşəkarlığının artırılmasına, o cümlədən yeni texnologiyalara əsaslanan hərbi texnikanın həm alınmasına, həm də ölkə daxilində istehsalına mütəmadi olaraq vəsait ayırdı. Nüfuzlu beynəlxalq təşkilatlarda – BMT-də, Avropa İttifaqında, Avropa Şurasında, AŞPA-da və digər qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğala son qoymasının tələb edən sənədlər qəbul edildi.
“Kaspi” qəzeti mövzu ilə bağlı əhatli yazı yayımlayıb.
Ayrı-ayrı ölkələrlə birlikdə təşkil edilən hərbi təlimlər zamanı Azərbaycan Ordusu yeni döyüş metodlarını mənimsədi və bundan irəli gələn təcrübəyə sahib oldu. Təbii ki, zamanla görülən bu işlərin məqsədi və məramı düşmənə – Ermənistan hakimiyyətinə, Qarabağdakı separatçı rejimə və onları dəstəkləyən xarici qüvvələrə bəlli idi. Sadəcə dünyada, regionda baş verənləri düzgün qiymətləndirmək və ona uyğun addımlar atmaq – hərbi əməliyyatları başlamaq zamana bağlı məsələ idi. Nəhayət, 27 sentyabr 2020-ci il tarixi zəfərə başlanan yol oldu. 44 günlük II Qarabağ müharibəsi isə torpaqlarımızın işğaldan azad olunmasına, qələbəmizə vəsilə oldu. Bundan sonra məğlubiyyətə məhkum olan Ermənistanda isə hələ də siyasi gərginlik, iqtisadi tənəzzül, demoqrafik problemlər qalmaqdadır. Ermənistan hakimiyyəti hələ də hansı addımlar atacağını bilmir. Paşinyan isə Qərblə Rusiya arasında seçim etmək üçün var-gəl edir. Heç şübhəsiz ki, Azərbaycanın bu tarixi qələbəsi təkcə torpaqların işğaldan azad edilməsi ilə bitmədi. Zəfər dolu ötən bir il ərzində regionda da nələrsə dəyişdi.
S.Alıyev qeyd etdi ki, 44 günlük müharibədən sonra Azərbaycan Ordusuna yanaşma dəyişdi: “Yəni hər kəs bilirdi ki, Azərbaycanda ordu quruculuğuna böyük vəsait ayrılır. Hər kəs bilirdi ki, Azərbaycan ardıcıl olaraq təlimlər keçirir. Amma heç kəs fərqində deyildi ki, Azərbaycan bu regionda təkcə işğalçı Ermənistandan deyil, ondan qat-qat böyük dövlətlərdən, ona silah-sursat ötürənlərdən üstün bir hərbi performans sərgiləyəcək. Hərbi texniki üstünlüyü ilə yanaşı, hərbi mütəxəssislərinin peşəkarlığını, həm də əsgərlərinin daha cəsur, qorxmaz, mərd olduğunu ortaya qoyacaq. Birmənalı şəkildə deyə bilərik ki, NATO-da da, Rusiyada da, digər yerlərdə də Azərbaycan Ordusunun qırx dörd günlük savaş zamanı sərgilədiyi peşəkarlıq öyrənilir. Yəni II Qarabağ savaşının nəticələrinə əsasən qabaqcıl hərbi texnikadan necə ustalıqla faydalanmağın sirləri mənimsənilir”.
Politoloq qeyd etdi ki, 44 günlük müharibə zamanı Azərbaycan dövlətinə yanaşma da dəyişdi: “Bəli, Azərbaycanın regionda lider dövlət olduğunu artıq hər kəs görürdü. Amma hər kəs onu da gördü ki, bütün böyük dövlətlərin istəyinə rəğmən, Azərbaycan deyəndə həm də öz torpaqlarını savaş yolu ilə azad etməyi bacaran bir dövlətdən söhbət gedir. Bir daha vurğulayıram ki, Azərbaycan bütün böyük dövlətlərin istəyinə rəğmən, savaş yolu ilə öz torpaqlarını azad etməyi bacarmaqla bir dövlət olaraq daha böyük olduğunu, daha qüdrətli olduğunu ortaya qoydu. Heç şübhəsiz ki, burada dövlətimizin başında duran Prezidentimiz, Ali Baş Komandanımız, cənab İlham Əliyevin rolu danılmazdır”.