Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək”backend

Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da ölkəmizə səfəri ölkələrimizin və xalqlarımızın qardaşlığının növbəti parlaq nümunəsidir. Bu səfər zamanı tarixi anlar yaşandı. Füzuli Beynəlxalq Hava Limanına ilk beynəlxalq uçuşun qardaş ölkədən olması, hava limanının açılışının Azərbaycan və Türkiyə prezidentləri tərəfindən gerçəkləşməsi xalqımızda qürur doğurur”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri tarixdə indiki qədər güclü olmayıb və qardaşlıq səviyyəsində olan bu münasibətlər davamlı olaraq inkişaf edir. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və qələbəmizin əldə olunmasında bu amil mühüm rol oynadı. Bu il iyunun 15-də isə Şuşa Bəyannaməsinin imzalanması qardaşlığımızın ən yüksək zirvəsi oldu.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə tarix yazır. Həmin ərazilərdə cəmi bir il ərzində reallaşdırlan irimiqyaslı layihələr onu deməyə əsas verir ki, müharibənin qalib tərəfi olan ölkəmiz özünün strateji hədəflərinə doğru inamla irəliləyir. Qarabağın bərpasında Türkiyə şirkətləri də fəal iştirak edirlər, biz bu işdə də çiyin-çiyinə fəaliyyət göstəririk.
Fatma Yıldırım qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbə regionda yeni reallıqlar yaradıb: “Burada Azərbaycan və Türkiyə aparıcı rol oynayır. Müəyyən dairələr tərəfindən regionda önəmli layihələrin gercəkləşməsinə mane olmaq cəhdləri olsa da, iki qardaş ölkə bu yolda inamla, qətiyyətlə irəliləyir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər buna sübutdur.

 

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Zəngəzur dəhlizinin bir hissəsidir. Zəngəzur dəhlizinin yaradılması milli, tarixi və gələcək maraqlarına tam cavab verir. İlk növbədə, bu dəhliz Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxşıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək.

 

Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir vəsilə olacaq. Bütün region ölkələri bu dəhlizdən fayda götürəcək. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Türkdilli ölkələr arasında inteqrasiyanın möhkəmlənməsi baxımından Zəngəzur dəhlizi çox böyü önəm kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Beləliklə, həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək”.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı Türkiyənin göstərdiyi dəstəyi hər zaman yüksək dəyərləndirir:

 

“Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi tarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, Vətən müharibəsi dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Prezidentinin Qarabağa gerçələşən səfərləri də əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir”.