Zəngəzur dəhlizi məsələsində Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşdıbackend

Zəngəzur dəhlizi məsələsində Ermənistan Azərbaycanın mövqeyi ilə razılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Biz indi gələcəyə baxmalıyıq. Otuz illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır”. Bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda fəal əməkdaşlıq prosesində maraqlıdır: “Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik. Yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə bəyanatda da əks olunub. Bu, xüsusən də kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”. O da artıq mühüm faktdır ki, əvvəllər Zəngəzur dəhlizinin reallaşmasına müqavimət göstərməyə çalışan Ermənistan indi fərqli mövqe sərgiləyir. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı bu xüsusda olduqca maraqlı fikirlər sərgiləyib. O, ölkəsinin Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almasının mümkünsüzlüyünü dilə gətirib. Qeyd edib ki, Zəngəzur dəhlizi,  əslində Ermənistan üçün də olduqca vacibdir: “Hökumətlər ölkə üçün dinc inkişaf dövrünü təmin etməlidir. Xalqımız üçün vacib olan şey dinc inkişaf erasını açmaqdır. Biz bu yolla getməliyik. Amma həm də bizdən asılı olmayan illüziyalara qapılmağa dəyməz. Xalq bilməlidir ki, onu hara aparmaq istəyirik. Bu gün bu imkanı görürəm. Sadəcə siyasi iradə göstərmək və “sağlıqlardan, tostlardan” həll olunmamış qalan məsələlərin həllinə keçmək lazımdır. Bəli, biz Qarabağ məsələsinin həllinə getməliyik”. Onun sözlərinə görə, dəhlizlər məsələsi də bu fonda qiymətləndirilməlidir: “Azərbaycan ərazisindən keçmək istəyirik (Laçın dəhlizi nəzərdə tutulur) və bu halda ola bilərmi ki, Azərbaycan bizim ərazidən keçməsin (Zəngəzur dəhlisi nəzərdə tutulur)? Bunu necə təsəvvür edə bilirik? Başqa cür də ola bilər: onlar da keçməyəcək, biz də. Bu onu göstərəcək ki, özümüz öz ölkəmizi blokadaya almaq siyasətini aparırıq. Belə olmaz, həllə getmək lazımdır”. Paşinyan bu fonda hökumətin heç vaxt xalqa qarşı hər hansı sui-qəsd planlaşdırmadığını da qeyd edib

Erməni ekspert Andranik Hovhannisyan da qeyd edir ki, Zəngəzur dəhlizinin açılması artıq qaçılmazdır: “2021-ci ilin dekabrından etibarən Zəngəzur ərazisi ilə Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək avtomobil yolu istismara təhvil veriləcək. Aprelin 29-dan 30-na keçən gecə Nikol Paşinyan Kazanda Azərbaycan nümayəndə heyətinin nümayəndələri ilə qapalı görüş keçirib. Bəzi məlumatlara görə, Paşinyan Zəngəzurdan keçən, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək avtomobil yolunu açmağa söz verib. Avtomobil yolu aşağıdakı marşrut üzrə gedəcək: Bakı-Sabirabad-Xanlıq-Gorus-Naxçıvan-İğdır”. Ermənistanın keçmiş baş naziri, iqtisadçı Qrant Baqratyan isə bu fonda qeyd edir ki, Azərbaycan Qazaxıstandan AZ8A markalı 40 ədəd elektrovoz sifariş verib: “Sifariş artıq 50 faiz həyata keçirilib. Deməli, Bakı əmindir: Mehri vasitəsilə Naxçıvanla əlaqə qaçılmazdır. Niyə əmindir? Ermənistan səlahiyyətliləri ilə razılaşma olduğu məlumdur. Bəs niyə Ermənistan səlahiyyətliləri bu barədə ictimaiyyətə əvvəldən məlumat vermir?. Paşinyan bunu indi edir. Çünki dəhlizin açılması qaçılmazdır”. Nüfuzlu “Emerging Europe” saytı isə “Zəngəzur dəhlizi geoiqtisadi inqilabdır” başlıqlı yazıda qeyd edir ki, bu dəhliz bütün region üçün faydalıdır. Qeyd olunur ki, Zəngəzur dəhlizinin açılması, infrastruktur və kommunikasiyanın qurulması nəticəsində Azərbaycan Asiya və Avropa arasındakı tərəfdaşları ilə birlikdə əsas nəqliyyat qovşağına çevriləcək. Bu isə Böyük İpək Yolu iştirakçılarının fəaliyyətinin əsas məqsədlərindən biridir. Zəngəzur dəhlizinin açılması, həmçinin, region ölkələri arasında siyasi, ticari və iqtisadi əməkdaşlığa müsbət təsir göstərəcək. Bununla yanaşı o da diqqətçəkən məqamdır ki, Qarabağ münaqişəsinin başa çatmasından sonra Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir: “Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub”, “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Rəsmi Bakı dəfələrlə Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib. Belə ki, Asiyanı Avropa ilə birləşdirən “Şərq-Qərb“ dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək”. Onu da xatırladaq ki, Azərbaycan Horadiz-Ağbənd dəmir yolunun istifadəyə verilməsi istiqamətində fəal iş aparır. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcək. Ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq.

 

 

İnterpress.az