Zurabişvili Tbilisidə yeni ofisini təqdim edib və orada prezident funksiyalarını yerinə yetirməyə davam edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Salone Zurabişvili Tbilisidə yeni ofisini təqdim edib və orada “prezident funksiyalarını” yerinə yetirməyə davam edəcəyini bildirib.
“Bu gün sizi Orbeliani sarayının davamı olan bu yeni ofisdə qəbul etmək istəyirəm. Ola bilsin ki, Orbeliani sarayına bənzəmir, amma onun ruhu və qəlbi buradadır, prezidentin funksiyaları da buradadır. burada davam edəcək”, – Zurabişvili deyib.
Onun sözlərinə görə, ölkə dərin böhran içindədir və bundan çıxış yolu təkrar parlament seçkilərinin təyin edilməsindədir.
Zurabişvili Gürcüstan xalqı ilə görüşəcəyini, xüsusən yanvarın 10-da ölkənin qərbindəki Zuqdidi şəhərinə səfər edəcəyini bildirib. O, brifinqdə deyib: “Mən prezidentəm və prezident də olacağam”.
Zurabişvilinin ofisi Tbilisinin mərkəzində, Çovelidze küçəsində yerləşir. Brifinq zamanı onun arxasında Gürcüstan və Avropa İttifaqının bayraqları ilə yanaşı, prezident standartı da olub.
Xuraman Etibarlı
İnterpress.az