Xəbər verdiyimiz kimi, Azərbaycan teleməkanında yeni layihə fəaliyyətə başlayıb. Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə əməkdaşlığı çərçivəsində “Vətən uzaqda deyil” layihəsi artıq öz işinə başlayıb. İctimai televiziyanın efirində yayımlanan layihənin əsas məqsədi dünya azərbaycanlılarının müzakirə platformasını formalaşdırmaq, soydaşlarımızı maraqlandıran məsələlərin müzakirəsini təşkil etmək və soydaşlarımız arasında, eləcə də soydaşlarımızla tarixi vətənləri arasında etibarlı körpü yaratmaqdan ibarətdir.
Sırf diaspor sahəsində formalaşan bu layihə xarici ölkələrdə yaşayan Azərbaycanın diaspor liderləri tərəfindən də maraqla qarşılanıb.
İnterpress.az xəbər verir ki, sözügedən layihə ilə əlaqədar olaraq, Diaspor.az-a açıqlama verən Rusiyanın Solikamsk şəhərindəki Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev bildirib ki, “Vətən uzaqda deyil” layihəsi Diasporla İş üzrə Dövlət Komitəsi tarixində ən uğulrlu layihələrdən biridir:
“Bu layihə komitə tarixində ən uğurlu layihələrdən biridir. Ümumiyyətlə, komitədə həyata keçirilən dəyişikliklərdən sonra açıq-aşkar diriliş nümayiş olunur. Fərqlilik və aktiv fəaliyyət daha çox sezilir. Bu da eyni zamanda, xaricdəki diaspor nümayəndələrinin də iş fəaliyyətinə stimul evrir. Düşünürəm ki, DİDK-nin diaspor nümayəndələri ilə əlaqələrinin sxılaşması dövlətimizin xaricdəki gücünü daha da artıracaq”.
“Vətən uzaqda deyil” proqramının ilk efir buraxılışda “Cümhuriyyətun 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsindən bəhs edilib. 37 ölkədən gəlmiş gənclərin Yay düşərgəsi və Azərbaycan haqqında təəssüratları, diaspor gənclərinin gələcəyə baxışı, ölkəmizdə və xaricdə yaşayan gənclərin maraqlı debatı, diaspor gənclərini vətənə bağlayan tellər və s. kimi məsələlərlə ilk buraxılışında müzakirə olunub.
U.Əfəndiyevin sözlərinə görə, proqramın ilk buraxılışının mövzusunun ürəyi Vətən sevgisi ilə döyünən diaspor nümayəndələrinə həsr olunması da qürurvericidir: “Ümid edirəm ki, bu layihənin xaricdə Azərbaycanı təmsil edən, azərbaycançılıq ideologiyasının təbliğində böyük rol oynayan diaspor nümayəndələrinin eyni zamanda Vətənin özündə də tanıdılmasında xidmətləri olacaq. Azərbaycanın vətənsevər övladlarının harada yaşamasından aslı olmayaraq, Vətəndən heç də uzaqda olmaması bir daha Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən isbat edildi. Xaricdəki səsimizin Vətəndə də eşidilməsinə şərait yaratdığına görə DİDK-ə təşəkkürümüzü bildiririk”.
Səid Qərib
İnterpress.az