Tanınmış şair Xəttat Kilimçinin (Mirbağır Bünyatlı) yeni şeirlər kitabının \”imza günü\” keçirilib.
İnterpress.az xəbər verir ki, \”imza günü\”ndə müəllifin \”Mən Şekspir deyiləm, Angel\” adlı yeni şeirlər kitabı oxuculara təqdim olunub. Təqdimat mərasimində gənc yazıçı və şairlər, ictimaiyyət nümayəndələri və oxucular iştirak ediblər. Mərasim zamanı çıxış edən Xəttat Kilimçi tədbir iştirakçılarını salamladıqdan sonra kitab haqqında danışıb:
\”Hamınıza təşəkkür edirəm ki, bu gün kitabımın təqdimat mərasiminə uzaq məsafələr qət edərək gəlmisiniz. İlk olaraq deyim ki, kitabda 80-ə yaxın şeirim yer alıb. Həmin şeirlərin əksəriyyəti sevgi, ictimai kədər, müharibə və digər mövzulara həsr olunub. Əslində, demək istədiklərimin hamısı kitabda yazılıb\”.
Tədbirdə iştirak edən gənc şair Bəhruz Xəlil bildirib ki, X.Kilimçi müasir Azərbaycan ədəbiyyatında xələfi olmayan şairlərdəndir: \”Kilimçi müasir Azərbaycan ədəbiyyatına, poeziyamıza yeni nəfəs gətirən şairdir. O, dövrün gənc şairləri arasında yeganə yaradıcı adamdır ki, heç bir dahi şairi təqlid etməyib. Bəlkə də. bacarmayıb. Biz yazmağa başlayarkən hansısa məşhur və istedadlı şairi özümüzə örnək götürüb onun davamçısı olduğumuzu iddia edərək öyünəndə Mirbağır müasir ədəbiyyatımızda Kilimçi üslubunu yaratmaqla məşğul idi. Əslində, Mirbağıra da məhz elə bu yaraşır. Bu gün onun şeirləri hardasa səslənəndə o şeirin Mirbağıra aid olduğu dərhal seçilir\”.
Daha sonra çıxışçılar müəllifin yaradıcılığından söz açıblar.
Qeyd edək ki, \”Mən Şekspir deyiləm, Angel\” adlı şeirlər kitabı şairin sayca ikinci kitabıdır. Müəllifin bundan əvvəl qələmə aldığı \”Sinifdən xaric oxu\” adlı şeirlər kitabı geniş oxucu kütləsinə təqdim olunub. Şairin \”Sənə yol gəlirəm axşam tərəfi\” şeiri Azərbaycanda dillər əzbərinə çevrilmiş şeirlərdən biridir.
Xatırladaq ki, Xəttat Kilimçi Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. O, rayonun Qarazəncir kənd tam orta məktəbində tarix müəllimi vəzifəsində çalışır.
İnterpress.az