Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərin yaratdığı milli qürur hissinin gənclər arasında daha da möhkəmləndirilməsi, şəhidlərimizin xatirəsinin yad edilməsi və Anım Gününün mahiyyətinin gənclərə çatdırılması məqsədilə “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı və tərəfdaşlığı ilə bir sıra tədbirlər keçirilib.
Silsilə tədbirlər çərçivəsində 10–14 sentyabr tarixlərində şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli təşkili, sosial inteqrasiyasının gücləndirilməsi və yeni dostluqlar qurmasına şərait yaradılması məqsədilə “Xarıbülbül – Şəhid və Qazi Övladlarının Yay Düşərgəsi” təşkil olunub. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən düşərgədə şəhid və qazi övladlarının iştirakı ilə müxtəlif maarifləndirici, idman və əyləncə proqramları təşkil edilib.
Daha sonra Anım Günü ilə əlaqədar “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri, “Qayıdış Könüllüləri” və fəal üzv gənclərin iştirakı ilə “Zəfər Abidəsi” ziyarət olunub. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Həmçinin 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qəhrəmanını tanı” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Babək rayonunda və Bakı şəhərində Vətən müharibəsi iştirakçıları və qazilərlə görüşlər keçirilib. Görüşlərin əsas məqsədi Vətən müharibəsi iştirakçılarının keçdiyi döyüş yolunu, yaşadıqları hadisələri və Vətən uğrunda göstərdikləri fədakarlıqları onların öz dilindən dinləmək və gəncləri tariximizin qəhrəmanlıq səhifələri ilə daha yaxından tanış etmək olub.
Silsilə tədbirlərin yekunu olaraq “Azad Ərazilərin Keçmişi və Gələcəyi” adlı panel müzakirəsi keçirilib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və “Böyük Qayıdış” Gənclər Təşkilatının tərəfdaşlığı ilə keçirilən paneldə Anım Gününün tarixi və ictimai əhəmiyyəti, azad edilmiş ərazilərin gələcək inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Keçirilən tədbirlər şəhidlərimizin xatirəsinin ehtiramla yad olunmasına, Vətən müharibəsinin qəhrəmanlıq tarixinin gənc nəslə çatdırılmasına və milli yaddaşın möhkəmləndirilməsinə xidmət edib. Bununla yanaşı, şəhid və qazi övladlarının sosial inteqrasiyasına dəstək göstərilib, gənclər arasında həmrəylik və vətənpərvərlik dəyərlərinin təşviqinə töhfə verilib.






