Nigar Camal: Hansısa vəzifəli şəxs mənə sevgi təklifi edə bilməz – VİDEObackend

Nigar Camal: Hansısa vəzifəli şəxs mənə sevgi təklifi edə bilməz – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nigar Camalın Oxu.Az-a müsahibəsi:

– Nigar xanım, bilirik ki, şou əhlinin əsas gəlir mənbəyi toylardır. Siz isə toylara və şou proqramlara getmirsiniz, amma geyim-kecimə, kliplərə külli miqdarda pul xərcləyirsiniz. Bəs gəliriniz haradandır?

– Bizdə hamı elə düşünür ki, müğənnilər yalnız ya toylardan, ya da hər hansısa reklamlardan pul qazanır. Mənim isə şəxsi biznesim var. Biznesimi çoxdan qurmuşam, amma bu haqda heç vaxt danışmayacağam.

Biz həmkarım Eldar Qasımovla Azərbaycana “Avroviziya” qalibiyyətini gətirdik. Biz Avropanı Azərbaycana gətirmişik. Düşünün, bizim qazandığımız pullar nə qədər idi ki, onunla biznes də qura bildik, evlər də, avtomobillər də aldıq.

– Deyirlər ki, Nigarın həm Bakıda, həm də Londonda vilları var.

– Bunları açıqlamağı, haqqında danışmağı sevmirəm. Bu kimi şeylərlə “risovkalıq” etmək, ay mən bombayam, ay mən superəm demək istəmirəm. Həyatımı istədiyim kimi yaşayıram.

– Adətən, şou-biznesdəki xanımlara yüksək postda olanlardan, imkanlı şəxslərdən sponsorluq adı altında sevgi təklifləri gəlir. Bizdə olan məlumata görə, sizə gələn belə təkliflərin sayı-hesabı yoxdur.

– Zəng vurub deyir ki, sevgili olaq!? Yox (gülür). Düşünürəm ki, insanlar arasında münasibət qarşılıqlı olmalıdır. Başqa insanlar necə münasibət qurursa, onların şəxsi işləridir. Şəxsən mən hamıdan və hər kəsdən uzaq dururam. Sözügedən şəxslər də mənə yaxın dura, gəlib açıq şəkildə bu kimi təklifləri edə bilməzlər. O ki qaldı sevgi münasibətlərinə, qarşımdakı insana hisslərim olarsa, o zaman münasibət quraram. Bu da, təbii ki, qarşılıqlı olmalıdır.

– Geyiminizi, davranışlarınızı, çəkdirdiyiniz foto və kliplərinizi sosial şəbəkə izləyiciləri tez-tez tənqid edir. Təhqir edənlər də var ki, onlar arasında xanım izləyicilər çoxluq təşkil edir. Sizə olan bu qədər aqressiya haradan qaynaqlanır?

– Geyim məsələsi ilə bağlı onu deyə bilərəm ki, bu, mənim getdiyim məkandan asılıdır. Qapalı, midi, uzun libas da geyinə bilərəm. Baxır, hara gedirəm Amma kliplərdə hər hansı açıq-saçıq geyim olursa, bu, mənim işimlə bağlıdır. Buna normal baxıram. Adi qızlar kluba lüt gedirlər, lüt gəzirlər, özlərini açıq-saçıq aparırlar. Sonra da deyirlər ki, müğənnilər açıq-saçıq geyinirlər. Adi qızlar açıq-saçıqlıqda müğənniləri çoxdan kölgədə qoyublar.

Məni tənqid edən xanımlar istədikləri kimi açıq-saçıq həyat yaşayırlar. Sosial şəbəkədə necə foto və videolar paylaşırlar. Biz səhnə insanlarıyıq. Bizim kliplərimiz açıq-saçıq da ola bilər, qapalı da. Bizə qarşı aqressivlik edən insanlar bəzən bizim yerimizdə olmaq istəyirlər. Onlar arasında qəddarı da var, paxılı da. Xoşbəxt olan insan oturub bu cür pis-pis şərhlər yazmaz.

– Klipdən söz düşmüşkən, yeni klipinizi təqdim etdiniz.

– “Sənin əsirinəm” adlı mahnıya çəkilən klip Ukraynada ərsəyə gəlib. Çəkilişlər 16 saat davam etdi və çətin şəraitdə keçdi. Soyuq havada hovuza girdim. Əziyyət çəkdiyim məqam isə bədənimdən rənglərin silinməsi idi. Buna saatlarla vaxt getdi. Amma bütün bunlara rəğmən, komandamız çox pozitiv və çalışqan idi.

O qədər müsbət aura var idi ki, 16 saatlıq çəkilişləri heç hiss etmədim. Klipimdən çox razı qaldım. Əsas odur ki, ortaya keyfiyyətli iş çıxardım.

İnterPress.Az