Vyetnamda rusiyalı həkim denqe qızdırmasına yoluxaraq danışıq qabiliyyətini itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Vyetnamda istirahət edən rusiyalı həkim Mariya ağcaqanad dişləməsindən sonra denqe qızdırmasına yoluxub. Məlumata görə, qadın əvvəlcə baş ağrısı və yüksək hərarətdən şikayət edib.
Vəziyyəti ilkin mərhələdə yaxşılaşsa da, sonradan burnundan qanaxma başlayıb, ovuc və ayaqaltılarında qaşınma yaranıb, trombositlərin sayı azalıb.
Qadın yerli xəstəxanaya yerləşdirilib və artıq altı gündür müalicə alır. Bildirilir ki, hazırda bədənində səpgilər var, güclü halsızlıq keçirir və danışa bilmir.
Denqe qızdırması virus daşıyan ağcaqanadların dişləməsi ilə yayılır. Xəstəliyin ağır forması qanaxma, qusma və tənəffüs çətinliyi kimi fəsadlara səbəb ola bilər.
Məlumata əsasən, oktyabr ayında Vyetnamda rusiyalı turistlər arasında qeydə alınan ikinci denqe qızdırması hadisəsidir.
Xuraman Etibarlı
İnterpress.az






