Borcları “Azərişığ”ın mobil tətbiqi vasitəsilə ödəmək mümkün olacaqbackend

Borcları “Azərişığ”ın mobil tətbiqi vasitəsilə ödəmək mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyası dövründə istehlakçılar elektrik enerjisi borcunu “Azərişığ”ın mobil tətbiqi vasitəsilə ödəyə biləcəklər.

İnterpress.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, istehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edə biləcək, habelə ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar:

“Elektron bildirişlər və enerji sərfiyyatına görə, yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem bütün əməliyyatları insan amili olmadan avtomatik həyata keçirəcək.

İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildirişi alaraq, elektron ödəniş edə bilmədiyiniz halda “Azərişıq” ASC-nin veb-saytında “Bildiriş” bölməsinə daxil olub, 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir. Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz. Bundan sonra mobil operatorunuzu və nömrənizi, elektron poçt ünvanınızı daxil edərək, “Yadda saxla” düyməsini seçib, elektron bildiriş profilinizi yaratmış olursunuz.

“Elektron bildiriş al” düyməsini seçərək, enerji borcunuz barədə bildirişi alaraq, ödənişinizi “Azərişığ”ın mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcək. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq, ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz.

Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq, elektron ödəniş etmək imkanına malikdir.

Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin \”Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə\” Fərmanına əsasən, istifadə edilən elektrik enerjisi ilə bağlı “Azərişıq” ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək.