Jurnalist Prezidentə və Birinci xanıma müraciət etdibackend

Jurnalist Prezidentə və Birinci xanıma müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anar Niftəliyevin müraciətini olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Həyat yoldaşım, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, ədəbi-tənqidçi Elnarə Tofiq qızı Niftəliyeva 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim məsuliyyətsizliyi və səhlənkarlığı səbəbindən dünyasını dəyişdi. Fakt üzrə 25 sentyabr 2013-cü ildə Nəsimi rayon Prokurorluğunda cinayət işi qaldırıldı. Aparılan cinayət işi həkimlərin məsuliyyətdən azad edilməsinə yönəldildiyindən və qeyri-obyektiv aparıldığından, müraciətimiz əsasında Baş prokurorun müavini Rüstəm Usubovun nəzarətinə keçdi və iş Bakı şəhər Prokurorluğuna verildi. Yalnız bundan sonra istintaqın gedişində ədalətli irəliləyiş baş verdi. Buna qədər isə artıq Nəsimi rayon Prokurorluğunda həkimləri məsuliyyətdən qurtarmaq üçün müəyyən addımlar atılmışdı. Məsələn, səhih bilgimizə görə, əməliyyatı aparan onkoloq Mahir Məmmədov (1 saylı Hərbi Hospitalın əməkdaşı) guya ölüm hadisəsindən 2 gün qabaq, 18 sentyabr 2013-cü ildə məzuniyyətə çıxması barədə saxtalaşdırdığı sənədi Nəsimi Prokurorluğuna təqdim etmişdi və etirazlarımıza baxmayaraq, müstəntiq Ələkbər Rzayev “hüquqi sənədi” qəbul etmiş, saxtakarlığı sənədləşdirməklə möhkəmlətmişdi. Digər tərəfdən, onkoloji əməliyyat üçün heç bir şəraiti olmayan və Səhiyyə Nazirliyindən onkoloji əməliyyat aparılması üçün lisenziya verilməmiş bir klinikada ölümlə nəticələnən əməliyyatın aparılması qanunsuzluğu da Nəsimi rayon Prokurorluğunda araşdırılmadı. Nəticədə, fəaliyyətini dayandırmış “Medi Sina” klinikasının avadanlıqlarını yoxlamaq imkanı da Bakı şəhər Prokurorluğunun əlindən çıxdı. Üçüncüsü, Səhiyyə Nazirliyi sorğumuza cavab olaraq respublika baş anestezioloq və baş onkoloqunun gəldiyi yekdil qənaəti 2013-cü il dekabrında (istintaq sənədlərinə əlavə edilib) bizə göndərmişdi. Nazirliyin məktubunda bildirilirdi ki, əməliyyat zamanı baş verən ölüm faktına görə bütün tibb personalı məsuliyyət daşıyır. Lakin Bakı şəhər Prokurorluğunda aparılan istintaq zamanı müstəntiqin dəfələrlə qoyduğu suala Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi birmənalı olaraq anestezioloqun məsuliyyət daşıdığını vurğulamaqla cavab verdi və digər həkimlər – onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun məsuliyyətini müəyyən etmək üçün heç bir imkan yaratmadı. Maraqlı odur ki, Nəsimi rayon Məhkəməsində gedən proses zamanı həmin ekspert rəyini verən həkimlərdən biri – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin həkim-eksperti Vaqif Rəhimov ifadə verərkən bütün tibb personalının məsuliyyət daşıdığını bildirdi. Ona “bəs, niyə imza atdığınız ekspertiza rəyində bu sualı cavablandırmamısınız” sualına isə cavab olaraq bildirdi ki, Birliyin rəhbəri onların qarşısına elə bir sual qoymayıb. Halbuki Bakı şəhər Prokurorluğunun müstəntiqi iki dəfə ardıcıl sorğusunda məhz bu suala aydınlıq gətirmək istəmişdi (Bütün bu ziddiyyətlər Nəsimi rayon Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı protokollaşdırılıb). Bu fakt bir daha təsdiqlədi ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəhbəri Şakir Musayev bu ölümdə məsuliyyət daşıyan şəxslərin cinayətdən yayınması üçün hər şey edir. Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Müraciətlərim heç bir bəhrə vermədiyi üçün Bakı şəhər Prokurorluğunun apardığı istintaqın davam etməsini dəstəklədim. Çünki sorğusuna verilən qeyri-adekvat cavablara baxmayaraq, Rüstəm Usubovun nəzarətində həyata keçirilən istintaq tədbirləri ədalətli idi. Beləliklə, istintaq müəyyənləşdirdi ki, Müdafiə Nazirliyinin əməkdaşı olan onkoloq Mahir Məmmədov qeyri-qanuni olaraq şəxsi qazanc məqsədli fəaliyyətlə məşğul olub, asistent Fərəcullah İdrisov isə dələduzluq edib. Onkoloq Mahir Məmmədov barədə araşdırılma aparılması üçün toplanan materiallar Vergilər Nazirliyinin İstintaq İdarəsinə göndərildi. Amma aradan keçən 9 ay ərzində biz Vergilər Nazirliyinin İstintaq İdarəsindən heç bir cavab ala bilmirik. Bir neçə dəfə hətta istintaq materiallarının onlara göndərilmədiyi bildirilməklə bəhanə gətirildi, Bakı şəhər Prokurorluğunun materialların göndərildiyini bildirən rəsmi açıqlamasından sonra isə istintaqın nəticəsi barədə məlumat veriləcəyi deyildi. Vəssalam, ondan sonra Vergilər Nazirliyi bizim sorğularımızın heç birinə cavab vermir. Əməliyyatda asistent kimi iştirak edən Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahı Fərəcullah İdrisovun dələduzluğu ilə bağlı araşdırma isə hörmətli nazirimiz Ramil Usubovun nəzarətindədir və Bakı şəhər Baş Polis İdarəsində davam etdirilir. Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Bir ildən çox davam edən istintaq nəhayət yekunlaşdı və iş Nəsimi rayon Məhkəməsinə göndərildi. Nəsimi rayon Məhkəməsi (hakim Şəlalə Həsənova) 6 aylıq məhkəmə prosesindən sonra Cinayət Məcəlləsinin 124.1 və 320.1-ci maddələri ilə təqsirli bilinən anestezioloq Firuz İbrahimova iki illik şərti iş kəsdi. Hazırda səhlənkarlıqla insan ölümünə səbəb olmaqda (CM-nin 124.1-ci maddəsi) və cinayətini ört-basdır etmək üçün sənəd saxtalaşdırmaqda (CM-nin 320.1-ci maddəsi) təqsiri sübuta yetirilən Firuz İbrahimov cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməklə – yəni faktiki olaraq cəza almadan – həkimlik fəaliyyətini davam etdirir. Elnarə xanım iki azyaşlı qız anası idi – hazırda qızlarım 10 və 4 yaşındadır. Bu faciənin miqyasını kiçik qızımın hələ də anasının xəstəxanadan qayıdacağı günləri hesablamasıyla bəlkə də təsəvvür etmək olar. Necə ola bilər ki, bir məsuliyyətsizlik və səhlənkarlıq səbəbindən bir ana həyatını itirsin, azyaşlı körpələr anasız qalsın, üstəlik, bu cinayəti ört-basdır etmək üçün həkim saxtalaşdırma aparsın, əvəzində 2 il şərti iş alsın? Bu qərardan sonra həkimlərin hansı məsuliyyəti müzakirə mövzusu ola bilər? İl yarımlıq araşdırmanın nəticəsi olaraq gənc bir ananın ölümünə görə suçlanan, üstəlik, bu məsuliyyəti üzərindən atmaq üçün düşünülmüş surətdə saxtakarlıq edən bir həkim necə azadlıqda gəzə bilər? Ortada bir cinayət, həm də gənc bir insanın ölümü var, amma belə çıxır ki, demək, bu ölümdə heç kəs günahkar deyil? Hörmətli Mehriban xanım! Sizə bir ana, səlahiyyət sahibi, böyük və şərəfli bir nəslin layiqli davamçısı kimi müraciət edirəm! İki azyaşlı qızı anasız qoyanlar azadlıqda, heç bir suç işləməmiş kimi gəzə bilərlərmi? Ekspert rəyini saxtalaşdıran Şakir Musayevin, dəlil-sübutları bacardıqca məhv edən müstəntiq Ələkbər Rzayevin ədalətsizliyini iki maddə ilə təqsiri sübuta yetirilən şəxsi həbs etməyən hakim Şəlalə Həsənova davam etdirirsə, mən nə etməliyəm? Biz hüquqi ölkədə yaşayırıq, cinayətin adekvat cəzası olmalıdır – bunu həm Azərbaycan qanunları tələb edir, həm də Haqq! Cinayəti ört-basdır edən, bu qətl hadisəsinə görə cinayətkarların cəzasız qalmasını nəyinsə müqabilində (rüşvət aldıqlarına heç bir şübhəm yoxdur) təmin edən bu insanlar nəyə nail olmaq istəyir? Azacıq vicdanı olan insan qətl törədən cinayətkarın azadlıqda qalmasına razı olarmı? Anestezioloq məhkəmədəki son sözündə bircə dəfə də olsun, yanlış etdiyini və peşman olduğunu dilə gətirmədi, ancaq Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova iki maddə ilə təqsiri sübuta yetirilən və ölümdə suçlanan həkimi yenidən xəstələrin “müalicəsini” davam etdirməyə göndərdi. Öz əməlindən peşman olmayan, suçunu görməyən, əksinə, əməlini ört-basdır etmək üçün sənəd saxtalaşdıran anestezioloq Firuz İbrahimovun ictimai təhlükəsini özü ana olan Şəlalə Həsənova görmürdümü? İnsan da hər hansı təmənnaya görə cinayətkarı qətllər seriyasını davam etdirməyə göndərərmi? F.İbrahimovun bugünkü qurbanı mən və iki azyaşlı körpədir: sabah onun qurbanı kim olacaq və bunun məsuliyyətini kim daşıyır? Bu cinayət əməli baş verən gündən ictimaiyyətin diqqətindədir – media daim bu ölüm faktını diqqətdə saxlayıb. Əgər bu ictimai diqqətdə olan cinayət işinin nəticəsində 3 rüşvətxorun günahı üzündən cinayətkar cəzasını almırsa, ədalətin bərpasından danışmaq olarmı? Bu insanlığa, qanunlara hayqırı qərardan sonra hansı həkim səhvindən və bu səhvinin nəticəsində ölümə bais olmasından ehtiyat edəcək? Əgər qətlə yetirdiyi xəstəsinə görə bir həkim cəza almırsa – həm də bu cür ictimailəşmiş məsələdə – digər həkimlərin daha da məsuliyyətsizləşəcəyini məgər bu cinayəti ört-basdır edən və cinayətkarın azadlıqda gəzməsinə hökm verən hakim dərk etmirmi? Cinayətkarın cəzalanmaması insanların olayı qisas müstəvisinə keçirməsi deməkdir. Bu şəxslər mənim kimi insanları qatiləmi çevirmək istəyir? Hörmətli Cənab Prezident! Hörmətli Mehriban xanım! Mən təbii ki, apelyasiya şikayəti vermişəm və hazırda CM-nin 124.1 və 320.1-ci maddələri ilə təqsiri sübuta yetirilmiş, iki il şərti cəzaya məhkum edilən Firuz İbrahimovun adekvat cəza almasını istəyirəm. Apelyasiya Məhkəməsi (hakim Camal Ramazanov) işə iyunun 10-da baxacaq. Amma mən Apelyasiya Məhkəməsinin də ədalətli qərar verəcəyinə inanmıram və bu müraciətimin tezləşməsinin səbəbi də budur. Rayon məhkəməsi ədalətsiz qərar verərkən Apelyasiya Məhkəməsi perspektivini nəzərə alır və onlarla da danışıqlar aparılır. Şübhələnirəm ki, Nəsimi rayon Məhkəməsi ədalətsizliyini davam etdirmək üçün Apelyasiya Məhkəməsinə də hansısa formada təzyiq edəcək. Sizdən bu məhkəmə işini nəzarətə götürməyinizi və ədaləti bərpa etməyinizi xahiş edirəm. İnanıram ki, Sizin nəzarətiniz anestezioloq Firuz İbrahimovun haqq etdiyi cəzanı alması ilə bərabər, Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırılmadan qalan işin aktivləşməsinə, həmçinin Şakir Musayevin ədalətsiz ekspert rəyinin ifşa olunmasına gətirib çıxaracaq. Əvvəlcədən ailəmiz adından Sizə təşəkkür edirəm”.

İnterpress.az