Bu xətti çizənlərə salam olsun…backend

Bu xətti çizənlərə salam olsun…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Dərin Dövlət\” Ürfani Türk ruhunun simgəsidir. Bu qüvvəni Türk dövlətçiliyinin fəlsəfəsində axtarmaq və görmək olar. Tarixin həlledici məqamlarında həmişə sözünü deyən bu qüvvə dünyada dəngənin və ədalətin qorunmasına xidmət edən Türk varlığının xilaskarıdır. Bunu qavramaq üçün bu fəlsəfənin təməlində dayanan Haqqa söykənən qayəni bilmək və anlamaq tələb olunur…
Bu ruhun coğrafiyası yoxdur. \”Ayağının altından yer, başının üstündən göy çökmədikcə\” daim var olmağı məsləhət bilinmiş Türk məhz bu qayənin işığıyla seçkin, bu qayənin gərəyi ilə qutlu qılınmışdır. Oğuzxandan tutmuş Cümhuriyyətlərimizin elanına qədər bu ruh daim hərəkətverici olmuş, ən riskli zamanlarda həlledici amilə çevrilmişdir. Tarixən mövcud olan bütün Türk dövlətlərinin yaranma və süqut etmə səbəblərini araşdırarkən bu görünməz amilin təsir izlərini sezməmək mümkün deyil. Bu bizə Tanrıdan gələn bir səsdir. Bu səs deyir və təlqin edir ki, Tanrı əsgəri yox olmamalıdır. Göylərdən gələn bu səsin hökmünə qulaq asıb, qeydi-şərtsiz bu ilahi missiyanı, bu mübarək məqamı layiqincə daşımış Türk soyu tarixən dəfələrlə son nəfərinə qədər məhv edilib ortadan götürülmək anına qədər gəlsə də, nicat bulmuş, bir qədər sonra kökü dərinlərdə olan bu tükənməz qüdrətin zamana görə keyfiyyətcə cilalanmış yeni budaqları ilə pərvaz etməyə başlamışdır.
Ürfani Türkmən imanının ruhi qüvvətilə biçimlənən Şeyx Ədəbalı ilkələri ilə vücuda gəlmiş Osmanlı dövləti də belə çətin məqamlarda yaranıb nəfsani Xristian Qərbinin qarşısında güc birikdirərək dünyanın tarazlıq simgəsinə çevrilmişdi. O günə qədər ki, zəfər yürüşlərininin istiqamətini günəşin batdığı yerdən günəşin doğduğu yerə, bir budaq kimi üzərində pərvaz etdiyi kökün ta ki, özünə, bir bulaq kimi bağlılıgı olan ocağın ta ki, gözünə yönəltdi. Məhz bu nöqtədən sonra Osmanlı adlanan bu dövlət onu yaradan fitrətə, onu yaradan ağıla, onu yaradan kamala asi düşdü. Türk ruhuna ayqırı olan inanc və düşüncə seçimi və sistemi ilə yükümlənib yolunu azdı və doğru istiqaməti itirdi. Ancaq, bu dövlət nə qədər yanlış xətlə getsə də onu yaradan ruhun işığı, bərəkəti bu torpaqlardan tükənmədi. Dədələr, Ocaqlar, Şıxlar(İşıklar) surətində, sözün, sənətin, sazın namında gələcəyə adandı. Ən çətin məqamlarında məhv olmaq məqamı ilə üz- üzə qalanda Mustafa Kamalın simasında yeni bir Osman qazisi doğuldu. Bu dəfə onu yetişdirən isə Şeyx Ədabalı ocağının davamçısı Hacı Çələbi, Bektaşilər ocağı oldu. Çox mötəbər ruhdar və dindar olan bu ağsaçlı dədə yetirməsindən o qədər razı qalmışdı ki, bu ixtiyar yaşına qədər dilinə heç vaxt içki dəymədiyi halda \”sən əmr edərsən, səninlə zəhər də içərəm\” söyləcək qədər tutunmuşdu.
Və bir dövlət olaraq sonradan onu yaradan təməl ana xəttə söykəməyən Osmanlı əsrin əvvəlində, son ölüm anlarında ikən, böyük ruh tutumuna, millətə və dövlətə dirək olan iti aglına, sevgisində sınır tanımayan bənzərsiz cəsarətinə, gənc ikən belə ağsaçlı zəkasına, böyük milli sahiblənmə təəssübünə görə Atatürk adlandırılmış ulu Türk fitrətinin cüssəsi ilə yenidən Türkiyə kimi doğuldu. Doğuldu, böyüdü, yaşadı və Türk ruhunun zamana görə şəkillənmiş, biçimlənmiş çağdaş keyfiyyət örnəyi ilə dünyaya yeni nəfəs, yeni Türk dalğası gətirdi.
İndi zaman o zamandır ki, bu böyük ruh tarixin müxtəlif bəlli dönəmlərində olduğu kimi yenədə özündən uzaq, özündən ayrı düşərək tələyə salınıb, çaşbaş qalıb. Hələ Osmanlı dönəmində Xilafətin bu dövlətə calaq ediməsinin ağırlığı altında toplum olaraq ruhuna ayqırı olan Əməvi sünnəli İslami sistemə pərçimlənməsi ilə zamanla semitizmin anti-türk ruhlu, anti-türk əxlaqlı mental təsirlərinə düşməsi onun milli bütövlük doktrinində süni travmalar yaratmışdı. Millətin ruhu vahidlikdən çıxıb yayqın və üstün qılınan Sünnü, Nurçu, Nəqşibəndi, təqib olunan Qızılbaş, Ələvi, Bektaşı və s. elementlərə parçalandı. Ruhu duyumda təzad , ruhu duyumda fərq o qədər dərinləşdi ki, Sünnü olan türk Qızılbaş, Ələvi, Bektaşi olan türkmən qardaşına kürd, Allahsız, imansiz deməkdən də çəkinmədi. Əsası Osmanlının şanlı sultanlarından biri kimi sayılan Səlimin dövründən qoyulan bu təzaddan, bu uçurumdan məharətlə istifadə edən xarici amil, bu gün \”böyük güclər\” adı ilə qəbul olunan qüvvələr sonradan bu ruh bölünmələrini siyasiləşdirib partiyalaşdırılmasına da müvəffəq oldular. Orda-burda, xarici kəşfiyyatların tuzağında müxtəlif fərdlər yetişdirilib bu partiyalara rəhbər, millətə öndər qılındılar. Nə Atatürk CHP sindən bir əsər qaldı, nə də Türk-İslam deyən MHP millət adına ruh vahidliyini əhatə edə bilmədi. Nəyə görə, məhz ülküsünün ikinci elementi olan İslamda ənənəvi Türk xəttini deyil, bu millətin ruhunu qəlibə salmış, mütiləşdirmiş, süstləşdirmiş, türk dinamizmini təhdid edən Əməvi ağırlıqlı ərəb xəttininə söykəndiyinə görə. Bu halda Anadoludakı Türk dövlətçiliyinin onurğa sütunu olan Şeyx Ədabalı ilkələri, Hacı Bektaşı gərəyləri dışlanmış olmadımı…

Və bu gedişatın sonucu olaraq ortaya çıxan AKP gerçək Türklük şüurunu, ruhunu, mədəniyyətini ortadan götürüb illərdir Anadolunu türksüzləşdirmək istəyən xarici təlimatlı Nurçu elementinin birikdirdiyi siyasi güc kimi formalaşdırılıb dövlətə yeridildi, hakimiyyətə gətirildi. Onsuzda uzun illər, hətta əsrlər ərzində gah inanc adına, gah yaşam, gah həyat tərzi adına şərqdən və qərbdən gələn müxtəlif \”dəb\”lərin, təsirinə düşərək milli ruhsal düşüncəsində axsayan, müəyyən mənada özündən olan Anadolu insanı bu dəfə də AKP-nin dini moizələrdən ibarət siyasi traktatlarının yobazlaşdırma obyektinə çevrildi. Uzun müddətdir hakimi-mütləq olması işi bacarıqla yerinə yetirdiyinin, milləti din ilə keyidib milli varlığından az qala vaz keçdirə bilməsinin əlaməti sayıla bilər. Ümmətçi təvirlə \”hər cür türk millətçiliyini ayaqlarımız altına atmışıq\” deyən bu iqtidar xarici ağalarının ayırdığı sərmayələrlə saysız – hesabsız sərfiyyatlarlar hesabına, istehsalsız \”iqtisadi qalxınma\” görsəntisi yaradıb, kosmetik inkişaf illuziyası ilə uzun müddət millətin gözünə kül üfürə bildi. Millətçiliyin lazımsız fəna şey olduğunu qəbul etdirib mübariz türk ruhunu maddiyatla söndürərək, Türksüz bir Türkiyə yaratmaq istədi. Ta o vaxta qədər ki, pulun, kapitalın şirnikləndirici təsiri altında yolsuzluğun zirvəsini \”fəht edib\” siyasi güc olaraq onu doğurmuş ideya babasını da tanımaz oldu. İştə bu nöqtədən sonra illərlə uyudulmuş millətin inamında ona qarşı yaranan zədələr bu iqtidarın təbii sosial bazasının tədricən kiçilməsinə, siyasi gücünün ikiyə bölünməsinə, Gülən-Ərdoğan çatışması ilə müşayət oluna \”Paralel\” adlı yeni siyasi kriminal dastanın yaranmasına səbəb oldu. Zaman göstərdi ki, \”O, şagird ki, ustadına kəm baxar, gözlərinə ağ damar damar \” hikmətinin gerçəyi kimi şirəsini aldığı ustadını ölkədən dışlayan bu şagirdin sonradan \”Nur siması\” nın qarğışlarıyla, bəddualarıyla doğurdanda gözlərinə ağ damdı. Belə bir məqamda bir neçə il əvvəl \”Nə mutlu Türküm deyənə!\” kəliməsini günah, suç, küfr olduğunu isbata çalışan bu şagird hər zaman yüksək tezliklə həyata keçirməkdə mahir olduğu manevrçiliyindən istifadə edərək bu dəfə də türk millətinə və türk millətçiliyinə sığındı. Və bu addımı ilə özünün saxta tutumunu bir qədər də tanıtdırmış oldu. O özünü bu kimi uyumsuz addımlarıyla faş etdikcə yatmış, uykuya dalmış millət oyanmağa başladı. Millət oyandıqca onun seçimlərində, zövqündə türk fitrətinin elementləri ilə cücərən mübarizlik faktoru önə çıxmağa başladı. İştə bununla 45 faizi devşirmə, 12 milyonu kürd sayılan 75milyonluq Türkiyə toplumunun içində Türk iradəsi yenidən özünə yer edinməyə, önə çıxmağa güc buldu. Bu gücün hərəkətverici qüvvəsi isə sözümün əvvəlində dediyim kimi Ürfani Türk ruhunun simgəsi olan dövlətçilik ruhudur. Demək mükündür ki, son illərin hadisələri, aşkar anti-türk həmlələri Türkiyədə bu qüvvəni, bu gücü, bu ruhu yenidən aktivləşdirdi.

İndi isə gəlin Türkiyə siyasi təqviminin son günlərində mühüm dəyişiklərlə yadda qalan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərin mənzərəsini göz önünə gətirək və olanları tarix təfəkkürü ilə, bəhs etdiyim dövlətçilik ruhu ilə dərk etməyə çalışaq.
Seçkilərin nəticəsinə uyğun olaraq AKP -nin məyusluğu və təlaşı onu göstərdi ki, Türkiyədəki bu məsələlərin arxasında görünməyən bir qüvvə dayanırmış kimidir. Bu qüvvə HDP-yə Paralel deyilənin əli ilə qazandırmış kimi göründü və nəticədə AKP nin səsi azaldı. Bu vəziyyət nəhayət ki, Türkiyədə Türk və Türkçülük maraqlarının qatili olan AKP-ni hakimi-mütləq statusundan kənarlaşdırmış oldu. Bundan əlavə səs barajlari elədir ki, bu durum mütləq koalisyon hökümətin təşkilinə gətirib cıxarmalıdır. İndiki dövrdə isə Türkiyədə bir partiyanın hökümət təşkil etməsi, siyasi iradə və idarə formalaşdırması milli maraqlar baxımından uyğun deyil. Əsas məsələlərdən biri də budur ki, əgər əvvəllər AKP məclisdə coxluq təşkil etdiyinə görə Türkiyə əleyhinə cizilən bütün qanunlar qeydi şərtsiz qəbul olunurdusa, indi bu mümkün olmayacaq. HDP isə bölgə xalqlarının bərabərliyi, demokratik təmsilatı adına 80 yer qazanmış kimi görünsə də onların hamısı genetik olaraq kürd, erməni deyil. HDP tütəyinin çaldığı əski nağılların havasına ovunub məst kimi görünən bəzi türk kökənli deputatların həlledici məqamda Türklüyü savunacaqları şübhəsizdir. Bir sözlə, əslində burda Paralelin əli ilə HDP-yə qazandırılma , millətin boğazına zəli kimi yapışıb əl çəkməyən AKP-nin uduzdurulması və oyundan kənar edilməsi üçün idi. Və bütün bu proseslərin arxasında siyasi olaraq görünməyən , lakin nəfəsi və eyləmi ilə sezilən xilaskar bir qüvvənin olması duyulur. Belə görünür ki, bu qüvvə həm Paralelin, həm bütün siyasi partiyaların və həm də hakimiyyətin icində Türk maraqlarını aparan gizli xəttdir. Bu isə yalnız və yalnız anti Gülən və anti Erdoğan olan əsl türklərdən oluşan mahir dövlətçi xətt ola bilər. Nəticədə HDP-nin məclisə girməsi ilə beynəlxalq siyasi sistemin Türkiyəyə təzyiqinin bəhanəsi kəsilmiş olur, ikincisi sion diktəsi ilə Türkiyəni sivil yolla dağılmağa aparan Ərdoğan ağırlıqlı AKP əsas oyunçu kimi sıradan çıxmış olur. Üçüncü mühüm müsbət hal budur ki, PKK adlı terrorist çatıdan doğulmuş HDP bundan sonra gerçək üzünü aşkar etməkdən saxlana bilməyəcək, ya məcburən uyum saxlayacaq, ya da ki, dağıdıcı olduğunu göstərib əleyhinə qanuni önləmə birikdirəcək. Dördüncüsü də o biri partiyalar elə bir səs barajındadılar ki, bu onların mütləq dərəcədə məcburən də olsa bir-birinə yaxınlaşmasına gətirəcək. Nəticədə millətin mənafeyi partiyaların mənafeyini üstləmiş olacaq. İllərdir Türkiyənin Türk milləti AKP qarşısında bu partiyaların mövqelərini və qüvvələrini birləşdirməməsindən və ya birləşdirə bilməməsindən narazı idi. Söhbət CHP və MHP-dən gedir. İndi isə onların ən azı mövcud durumlarına görə məcburən partiya maraqlarını aşıb birləşəcəyi zərurəti Türk milli maraqlarının dövlət xəttində yüksəlməsinə gətirər. Belə olan vəziyyətdə Məclisdə 80 yer almış HDP nəzarət ediləcək bir qüvvəyə çevriləcək. Və nəzərə alanda ki, həm də HDP-nin secilmiş bu vəkillərinin milli tərkibi yekdil deyil, həlledici məqamda tam təsir gücü parçalanacaq, o zaman bu durumun özü də qismən bir rahatlıq gətirir.
Və Türkiyədə fərqli siyasi təmayüllərin, partiyaların icinə sızıb belə bir proses təşkil edən milli güc varsa bu güvən bəxş edir. Məsələ budur ki, onlar prosesi elə nizamladılar ki, HDP şımardı, Türkiyə içində kürt açılımının müəllifi, icraçısı, onun önünü açmış dayağı AKP- yə loru dildə desək badalaq atdı. Beləliklə, AKP – HDP iş birliyi pozulmuş oldu ki, bu da Türkiyədə bəladan qurtuluşun birinci aşamasını təşkil edir.
Atatürkdən sonrakı Türkiyənin siyasi tarixinə nəzər saldıqda həmişə zamansız dərbələrin, səbəbi açılmayan sıçrayışlı dəyişikliklərin şahidi olmuşuq. Bu devrimlər həmişə onlar yəni, Türkiyəni təsir dairəsinə salmaq, çökdürmək istəyən kənar qüvvələr tərəfindən yaradılıb. Sevindirici olan budur ki, xəfif devrim adlandıra biləcəyimiz bu dəfəki dəyişiklərin arxasında isə bu dəfə ic qüvvələr dayandı və özü də hərbsiz- filansız sivil şəkildə prosesi müsbətə doğru istiqamətləndirdi.
Seçkilərin mövcud mənzərəsindən sonra Türkiyənin qarşısında iki yol qalır. Ya uyum saxlayıb koalisyon hökümət təşkil etmək, yada erkən seçkilərə getmək. Son illərin ağır şərtlərini düşünərək erkən seçkilərə gedilməkdənsə bu tərkiblə koalisyon hökümətin yaradılmasının Türkiyənin milli dövlət maraqları üçün ən məğbul yol olduğu qəbul edilə bilər. Və arzu edərdim ki, partiyalar seçkilərin nəticəsi ilə razılaşıb dövrün tələbinə və zərurətinə çevrilmiş bir koalisyon hökümət yaratsınlar. Əslində bu bir milli güvən höküməti də ola bilər. Və Türkiyəni illərdi bataqlığa sürükləyən axının qarşısını kəsərək ölkədə sivil yolla milli dövlətçilik xəttinin yüksəlişinə zəmin hazırlayar. Bu isə bu günün Türkiyəsi və türkləri, o cümlədən Dünya Türklüyü üçün olduqca vacibdir. Hava və su kimi…
Artıq hissiyatım Türkiyəyə görə mənə bir güvənlik bəxş edir. Bəlkə də bu andan Türkiyəni fəlakətə aparan istiqamətə son verildi. Əgər düşündüyüm kimidirsə \”Ey Türk özünə dön, sən özünə döndükcə daha böyük olursan\” nəsihətinin bilgəliyini savunan bu xəttə və onu çizənlərə bizdən, Azərbaycandan salam olsun. Ölməz Türk Ürfanının nəfəsi ilə yenidən şəkillənəcək , yüksələcək oyanmış Anadolu ruhuna eşq olsun!!!