Hər şey adıyla bilinər, adıyla anılar. Bizi əhatə edən canlı-cansız bütün varlıqlar həyatdakı özəlliklərinə, yerinə yetirdikləri funksiyalarına uyğun olaraq adlanır. Ad verilən obyektə xüsusiyyət, keyfiyyət yükləyir və ona necə yanaşmağımızı, ondan necə istifadə edəcəyimizi və onun nə üçün mövcud olduğunu bəlirləyir. Ad əşyalara, insanlara xüsusiyyət, keyfiyyət, anlam yüklədiyi kimi, millətlərə də özünəməxsus keyfiyyət, xüsusiyyət yükləyir. Bu gün dünyada mövcud olan millətlərin adları ya onlara qonşularında yaşayan millətlər tərəfindən keyfiyyət fərqliliklərinə, bəlirli bir həyat tərzinə, mədəniyyətinə görə, ya da elə özləri tərəfindən özlərini necə ifadə etdiklərinə uyğun olaraq verilib. Milləti millət edən onun adıdır. Millət daşıdığı adla tarix boyu keçdiyi doğru və ya yanlış yolu, yaratdığı və ya məhv etdiyi mədəniyyəti, haqsız və ya haqlı savaşını, yaşam tərzini, əxlaq kodeksini, xislətini, xüsusiyyətini, ailə modelini, dövlətçiliyini, yayıldığı ərazini, genetik yapısını ifadə edir. Ad, fərdə və topluma necə, nə üçün, nə məqsədlə yaşamağı xatırladır, onun üçün bəlirli sərhədlər çizir. Ad özündə xüsusiyyət, keyfiyyət, fərqlilik daşımalıdır ki, topluma və onun fərdinə də bəlirli xislət, xüsusiyyət, keyfiyyət yaratsın, özünü tanıtsın. Ad hər şeydən əvvəl fərdlərə və onlardan yaranan cəmiyyətə özünü dərk etdirir, tanıdır. Özünüdərklə cəmiyyət böyük olur. Konkret olaraq daşıdığı mədəniyyəti, məxsus olduğu gücü anlayır. Özünün böyük olduğunu dərk edir, hədəflərini bilir.
Biz Azərbaycan türkləri öz adımızla adlandırılmadığımız üçün böyük Türk mədəniyyəti, tarixi, törəsindən uzaq düşmüşük. Adımızı itiridiyimiz üçün onun daşıdığı özəllikləri də itirmişik. Doğrudur, Azərbaycan türkləri hər nə qədər ümumtürk millətinin bəlkə də heç bir digər türk toplumunda olmayan, istər linqvistik, istərsə də mədəni baxımından hansısa özəlliyini daşısa da, bu dəyərlər pərakəndədir.
Bizim məmləkətdə gözlə görünən millətçi kəsimdən başqa qalan Türk əhali (təhsilli və təhsilsiz) mənsub oldğu millətin adını dəqiqiliyi ilə bilmir. Kimisi özünə “azəri”, kimisi “azərbaycanlı”, kimisi “azəri türkü”, kimisi “oğuz milləti” deyir. Boy, yer, tayfa adını millət adı sananlar Azərbaycan türklərinin 70 %-i təşkil edir. Bəlkə də daha çox… Bir çox insanımız üçün isə millət adının heç bir önəmi yoxdur. Şükürlər olsun ki, Azərbaycan da millətçi kəsim var. Ona görə şükür oxuyuram ki, milləti yaradan millətçilikdir. Millətçilik olmasa millət məhv olar və məqsədi, hədəfi olmayan, düşmənini dostunu doğru tanımayan əzik bir topluma dönüşər. Millətimizin özünü tanımamasının, dərk etməməsinin əsas səbəbi şəxsiyyət vəsiqələrimizdə, doğum şəhadətnamələrimizdə mənsub olduğumuz millətin adının düzgün qeyd edilməməsidir. Bizi zəif qılan, aciz edən şey özümüzü tanımamağımızdır. Bizim adımızı dəyişməklə bizi minillikləri aşan mədəniyyətimizdən, dövlətçilik ənənəmizdən, bəlirli bir törəyə sahib həyat tərzimizdən aralı salıblar. Bizə özümüzə dönməyimizə icazə vermirlər. Bilirlər ki, biz Türklər özümüzə dönəndə çox böyük oluruq. Nə qədər ki, məmləkətimizdə öz adımızı doğru bilmir, özümüz olmuruq, o vaxta qədər millət yox, tayfa xislətində olacağıq. Həm də biri-birinə qənim kəsilmiş tayfa xislətində… Millət iradəsi, millət əzmi göstərmək üçün adımız doğru olmalıdır. Azərbaycanda hər millət öz adı ilə anılmalıdır və hər yerdə belə yazılmalıdır. Bu, heç də ayrıseçkilik yaratmaz. Bu vətən bir xalıdırsa, ayrıseçkilik sayılma ehtimalı olanların hamısı bu xalının bir naxışıdır, gülüdür. Biz öz rənglərimizlə gözəlik, bütünük. Zatən hər kəsə “azərbaycanlı” deməklə və yazmaqla hansısa talış, ləzgi yurtdaşımız özünə millət adı olaraq “azərbaycanlı” adını aid etmir. Ən sadə, kənd yerində yaşayan bir talış və ya ləzgi yurtdaşımızdan “Millətin nədir?” deyə soruşsan, “talış” və ya “ləzgi” deyəcək. Bir türkə eyni sualı versən “müsəlman” yaxud “azərbaycanlıyam” deyəcək. Baxın o “azərbaycanlıyam” deyənlər ümumi Azərbaycan əhalisinin 70-80 % təşkil edir. Hansı ki, millət xisləti, keyfiyyəti ortaya qoymağı bacarmayanlardır. Təbii, bunların içərisində istisna olan millətçi kəsim qaydaları pozmur. Ümumi toplumun qabında bir şey olsun ki, kəsim də nəsə edə bilsin…