Qadınların intiharı ilə nəticələnən ailə münaqişələri, imtina edilən ailə psixoloqlarıbackend

Qadınların intiharı ilə nəticələnən ailə münaqişələri, imtina edilən ailə psixoloqları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslində, intihar İslam dinində də ən böyük günah hesab edilən haldır və bu cür hadisələr dinimizdə pislənir. Ümumən, İslam dinində hansısa bir canlını yaşamaqdan məhrum etmək haram sayılır. Bu, istənilən halda dində qəbuledilməzdir. İnsanın öz canına qəsd etməsi isə daha böyük günahdır. Bunu bilən insanların canlarına qəsd etməsinə nə ad vermək olar? İnsan niyə özünü həyatdan məhrum edir?

25 yaşlı qadının həyatına son qoyan ailə münaqişəsi

İntiharların səbəbləri müxtəlif olsa da, son vaxtlar baş verən intiharlarda əsas səbəb sosial sıxıntılar, xəstəliklər və ailə münaqişələridir. Məsələn, bir neçə gün öncə Bakıda özünü 19-cu mərtəbədən ataraq intihar edən 25 yaşlı qadının intihar səbəbləri kimi ailə münaqişəsi göstərilib.

Maraqlıdır, ailədə nə qədər ciddi problemlər baş verir ki, insanlar bu problemi həll etmək, ailəsində vəziyyəti normallaşdırmaq əvəzinə, intihar edir? Ailədə baş verən problemlər ya maddi sıxıntılardır, ya da ər-arvad münasibətləri. Bu problem ailələri o qədər sıxmağa başlayıb ki, artıq ailədə qadın və ya kişidə psixoloji problemlər yaradır. Bu da sonda iradəsinə gücləndirə bilməyən ailə üzvünün psixi pozğunluq nəticəsində intiharı ilə sonuclanır. 25 yaşlı 3 uşaq anası olan xanım həyat yoldaşı ilə mübahisə edəndən sonra özünü 19-cu mərtəbədən atmaq qərarı verib. Ailədaxili münaqişədən günlərlə, bəzən də aylarla sıxılan qadın öz emosiyalarını idarə edə bilmir və əsəblərini sakitləşdirə bilməyərək həmin an canına qıyır.

57 yaşlı qadın özünə od vurur, 22 yaşlı qız özünü binadan atır

Dekabrın 2-də Gədəbəydə 57 yaşlı qadının intihara cəhd səbəbi də ailə münaqişəsi göstərilir. Bu qadın da ailədəki söz-söhbətə dözə bilməyərək özünə qəsd edib. Ailədəki söz-söhbətin, münaqişənin səbəbi tam məlum olmasa da, ümumən, münaqişənin adətən ərlə arvad arasında mübahisədən yarandığı bəllidir.

Bakıda tələbə qız da müəmmalı intihar edib. 22 yaşlı qız özünü yaşadığı binanın damından atıb. Tələbə qızın özünü öldürməsinin səbəbləri hələ məlum deyil. Təbii ki, bu qızın da intihar etməsinə səbəb hansısa sosial sıxıntıdır. Ailədaxili münaqişəsi olmasa da, gənc qız hansısa sıxıntılara tab gətirməyərək intihar yolunu seçib.

İntihar edənlər arasında kişilər olsa da, statistika daha çox qadınların intihara əl atdığını deyir.

Ər və ya arvad ailə psixoloqlarından niyə imtina edir?

Ailələrdəki bu problemlərin həlli üçün vacib məsələlərdən biri də ailə psixoloqlarının köməyindən istifadə etməkdir. Ailə psixoloqlarının ailə üzvləri ilə mütəmadi söhbəti insanlarda həm təskinlik, səbr yaradır, həm də ailədəki problemlərin asan yollarla həllinə gətirib çıxarır. Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda ailə institutlarına, ailə psixoloqlarına maraq göstərən ailələr həddindən artıq azdır. Əksər ailələr bu cür institutlara müraciət etməkdən çəkinir, ailəsinin problemlərinə başqa şəxsin müdaxiləsinə qarşı çıxır. Həmin şəxslər ailələrinin problemlərini özləri həll etmək və problemin kənara çıxmamasını istəyirlər. Sonda ailələrdə bu cür faciələr baş verir.

Psixoloq: “Problemdən qurtulmağa kişinin çıxış yolu var, qadının yox”

Psixoloq Ramil Nəcəfli də intihar hadisələrində qadınların çoxluq təşkil etdiyini bildirir. Onun sözlərinə görə, intihar özlüyündə güclü stress və affekt halında, güclü depressiya vaxtı atılan bir addımdır: \”Qadın o anda çarəsiz və çıxılmaz vəziyyətdə olur. Başqa yolu qalmadığını düşünür. Bu fikir qadının bir anlıq affekt halında ağlına gəlir. Həmin anda ona dəstək olsa, bəlkə də bu intihar cəhdinin qarşısını almaq olar. Amma dəstək olmadığı üçün qadınlar özlərinin mənasız, lazımsız, artıq həyatın bitdiyi nöqtədə olduqlarını fikirləşirlər\”.

Psixoloq deyir ki, Azərbaycanda qadını intihara aparan çarəsizlik və başına gələnlərdən dolayı rüsvayçılıqdan yaxa qurtarmaq hissidir: “Qadın ailədə digər təzyiqlərə o qədər məruz qalır ki, sonda gücsüzlüyündən, çarəsizliyindən intihar edir. Kişinin çıxış yolu var və ya heç çıxış yolu axtarmır da. Qadınsa çıxış yolu axtarsa da, tapa bilmir”.

R.Nəcəfli bildirir ki, insanların intihara cəhd etməsinin ilk səbəbi iradəsizliyi və həyatla mübarizəyə tab gətirməməsidir: \”Yəni bütün hallarda insan, ilk növbədə, səbrli və dözümlü olmalıdır ki, qarşılaşdığı hansısa problemin həlli yollarını tapa bilsin. Problemin qarşısını almağa cəhd etməyən şəxsin problemləri ciddiləşir və o, sonda intihar etmək qərarı verir\”. (TREND)

İnterpress.az