Kəndə girib çıxan hər bir şəxs ciddi yoxlanılır. Səhər saatlarında Cebhe.info-nun əməkdaşı Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə bağlı reportaj hazırlamaq üçün qəsəbəyə yollanıb. Amma Nardaran qəsəbəsinin girişində əməkdaşımız hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən geri qaytarılıb.
Məsələ ilə bağlı Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Cebhe.info-ya deyib ki, qəsəbədə əməliyyat dayandırılmayıb: “Daim əməliyyat gedir. Qəsəbə ərazisinə girişdə 4 hissədə polis postları var. Dəniz kənarından, Zeynəb Xanlarovanın bağından tutmuş bütün hissələrdə postlar qurulub. Daha sonra Maştağa – ruhi-əsəb dispanseri tərəfdən Nardarana giriş hissədə, ara yollarda da nəzarət postları qurulub. Xüsusi təyinatlıların texnikaları və əməkdaşları daim burdadır. Bizə baxırlar. Aç qapını, ört qapını… Nə qədər maşının baqajı açılıb bağlanar? Bir gündə 50 dəfə də keçsən, o qədər də baqajı açıb göstərirəm, keçirəm. Bəzən məni yoxlamırlar, deyirlər “biz səni tanıyırıq, keç”. Amma camaatın hamısını yoxlayırlar. Əməliyyat zamanı aparılan qəsəbə sakinləri müvafiq orqanlara aparılaraq 3-5 saat dindirilir. Onlardan bəziləri saxlanılır, bəziləri isə dindiriləndən sonra geri qaytarılır. Bu gün səhər iki nəfər qəsəbə sakinimiz aparılıb. Hər halda günün sonuna qədər buraxılar. Bidiriblər ki, izahat alınıb buraxılacaq. Həmin şəxslərin ailələrini nəzərə alaraq adlarını deyə bilmərəm. Narahat olmasınlar”. Natiq Kərimov Ombusdana ünvanladığı məktuba cavab verilmədiyini önə çəkərək, hüquq-mühafizə orqanları tərəfindən aparılan qəsəbə sakinlərinin işi ilə onun maraqlanması vacibliyini deyib: “Biz istəyirik ki, bu məsələ ilə Ombudsman məşğul olsun. Bunun üçün onlara məktub da göndərmişik”. Media işçisinin Nardarana buraxılmaması məsələsinə toxunan ağsaqqal onu da əlavə edib ki, jurnalist istədiyi yerə getmək hüququna malikdir: “Əgər müdafiə, hərbi sistem olmasa, jurnalist informasiya almaq məqsədilə istənilən yerə gedə bilər. Qanunla insanların informasiya vermək, jurnalistin isə informasiya almaq hüququ var. Belə məhdudiyyətlərə onların ixtiyarı yoxdur”.
İnterpress.az