Etiraz məktubunu imzalamayanlar arasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev və “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin keçmiş rəhbəri Söyün Sadıkovun adı öndə çəkilir.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Modern.az-a açıqlamasında bunun tamamilə yalan olduğunu deyib. Onun sözlərinə görə, onlar etiraz məktubunu nə imzalamağa etiraz ediblər, nə də imzalanması üçün etirazlarını bildiriblər:
“15 ildir diaspor qurumundayam. Haqqımızda bu cür deyilməsi ən azından buradakı işlərimizdən xəbəri olmayan və vicdansız adamların işləridir. Çünki bu gün mövqeyimiz çox sərt və qətidir, bu məsələlərlə bağlı çıxışlarımız olub, müraciətlərimiz də var. Yayılan böhtanı isə kimlərsə uydurublar və nə məqsəd güdüldüyünü başa düşə bilmirəm. Təbii ki, adımdan bu cür məlumatın yayılması təəccüblü göründü. Ən azından vətəndaşlarımızın, Rusiyada yaşayan Azərbaycan soydaşlarımızın qayğısına qalan, aktiv olan adamlarıq. Mənə elə gəlir ki, bunların yeni ildən sonra başqa mövzuları olmadığı üçün bunu ortaya atıblar və istəyiblər ki, maraqlı bir şey göstərsinlər. Ən azından jurnalistlər bu məsələ ilə maraqlanmalı idilər. Bu gün bir neçə kanalda müsahibə verib buna aydınlıq gətirməyə çalışacağam”.
O, Söyün Sadıqovla adının hallanmasını da düzgün hesab etmir: “Birincisi, məni Soyün Sadıqovla bağlamaları yanlışdır, o, diaspor hərəkətindən aralanıb. Onun sözü ilə oturub-duran kimdir?”
İlqar Hacıyev Rusiya Dumasına göndərilən etiraz məktubuna qol çəkmək üçün ona müraciət edilmədiyini də vurğulayıb: “Etiraz məktubu region rəhbəri tərəfindən irəli sürülüb. Məktub tam formaya salınmadan göndərilib. Ancaq o məktub gəlib mənə çıxmayıb ki, ona hüquqşünas kimi baxıb rəyimi də verəm, sonra da imzalayım. Belə, xaos şəklində olub və gəlib mənə çıxmayıb. Eyni zamanda, onlar bununla bağlı mənə müraciət etməyiblər. Bizim bununla bağlı böyük iclasımız olmuşdu, demişdik ki, oturub yaxşı fikir formalaşdırıb müraciətimizi ünvanlayaq. Lakin bunu bu formaya salıb kimisə günahlandırmaq, ən azından buradakı həqiqəti bilməyənlərin fikirləridir”.
İnterpress.az