Putin danışıqları uzadaraq yeni güzəştlər əldə etməyə çalışa bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.
Nəşrin mənbələrinin fikrincə, Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinin əsas marağının pul və ərazilər olduğunu düşünərək yanılırlar.
Onlar hesab edirlər ki, Putinin millətçi ambisiyalarını lazımi səviyyədə nəzərə almamaq ABŞ nümayəndələrini Kremlin manipulyasiyaları qarşısında həssas edir.
ABŞ administrasiyasındakı mənbələrdən biri isə Trampın Ukraynanı kapitulyasiyaya məcbur etməyə çalışmadığını, əksinə, Rusiyanın uğurlu informasiya əməliyyatının qurbanına çevrildiyini iddia edib.
Mənbənin sözlərinə görə, Tramp aralıq seçkilər ərəfəsində reytinqlərinin aşağı düşməsindən narahatdır.
Demokratlar onun fəaliyyətini daha fəal araşdırmağa başlasalar, ABŞ prezidentinin daha aqressiv addımlar ata biləcəyi və bunun Ukraynanın vəziyyətini daha da çətinləşdirəcəyi ehtimal olunur.
Kiyevdə isə ABŞ nümayəndələrinin müharibə başa çatmamış Moskva ilə sərfəli razılaşmalar əldə etməyə çalışa biləcəyindən ehtiyat edirlər.
Ukraynalı rəsmilərdən biri bunu belə izah edib: “Onların nöqteyi-nəzərindən niyə gözləyib vaxt itirməlidirlər? Vaxt puldur”.
“The Economist” qeyd edir ki, Rusiya sülhə tələsmir və danışıqları uzadaraq, ilk növbədə, sanksiyaların yumşaldılması kimi əlavə güzəştlər əldə etməyə çalışa bilər.
Nəşrin qiymətləndirməsinə görə, son iki həftə Putin üçün xüsusilə uğurlu keçib.
Xuraman Etibarlı
İnterpress.az






