Əgər bələdiyyə görəvlisi qapı-qapı gəzib vergi öhdəliyimizi xatırladan vərəqələrlə bizi yada salmasaydı, yəqin ki, hələ uzun müddət fəaliyyəti ilə başqalarına örnək ola biləcək bələdiyyənin varlığından xəbərimiz olmayacaqdı…
Sağ olsunlar… Var olduqlarını xatırlatdılar və biz də öz növbəmizdə onların varlığı barədə daha ətraflı məlumat almaq üçün araşdırma aparmalı olduq…
Həm də çox uzağa getmədik, qapı da döymədik, sadəcə Səbail bələdiyyəsinin internet səhifəsinə nəzər saldıq, vəssalam…
Bələdiyyənin sosial-humanitar məsələlər üzrə daimi komissiyasının ötən ilin yanvar-noyabr ayları üçün hesabatı, xüsusilə də bu hesabatda yer alan rəqəmlər isə bizdə əsil şok effekti yaratdı…
Hesabatı şərh vermədən, olduğu kimi oxucularımıza təqdim edirik… Nəticə çıxarmaq üçün böyük qabiliyyət sahibi olmaq lazım deyil. Hər şey göz qabağındadır. Buyurun, tanış olun:
“Səbail bələdiyyəsinin sosial-humanitar məsələlər üzrə daimi komissiyasının I-XI 2005-ci ildə gördüyü işlər barədə hesabat
Hörmətli bələdiyyə üzvləri! Sosial-humanitar məsələlər üzrə daimi komisiyanın adından çıxış edərək sizə məlumat verirəm ki, göstərilən dövr ərzində komissiya öz işini əsasən Bələdiyyə haqqında qanuna və qəbul olunmuş nizamnaməyə əsasən qurmuş əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün öz prespektiv planını hazırlamış və onun əsasında fəaliyyət göstərmişdir.
İlk növbədə ərazidə yaşayan əhalinin vəziyyəti, maddi durumu, onların çətinlikləri öyrənilmiş, BVM və Qarabağ iştirakçıları və əlillərin, Çernobil qəzasından zərər çəkənlərin, qaçqın və köçkünlərin, tənha qocaların, qrup əlillərin siyahısı bir daha dəqiqləşdirilmiş, onların müdafiəsi və köməyinə yönəlmiş tədbirlər nəzərdə tutulmuşdur.
Komissiya ona verilən səlahiyyətlər və mümkün olan imkanlar əsasında əhali arasında olmuş onların çətinlikləri ilə maraqlanmış və imkan daxilində köməklik göstərmişdir. Deyilənləri faktla təsdiq etmək üçün aşağıdakı tədbirləri sizin nəzərinizə çatdırıram.
Göstərilən dövr ərzində komissiya öz iclasında 72 ərizəyə baxaraq onların müsbət həllinə köməklik etmişdir. Komissiya öz işini ancaq bələdiyyə binasında deyil əhali arasında keçirmiş, onlarla birlikdə ərizə və şikayətlərdə göstərilmiş çatışmamazlıqların aradan qaldırılmasında birgə fəaliyyət göstərilmişdir. Belə ki, daxil olan ərizələr və müraciətlərin 51-nə 10.290.000 manat maddi köməklik edilmişdir. Digər ərizələrin həlli üçün müvafiq Dövlət orqanlarına müraciət edilmişdir.
Onu da qeyd etmək istərdim ki, ərizələrin 30% yerində baxılmış, ərizəçilərin 35% isə komissiyanın iclasında iştirak etmiş və ya komissiya üzvləri ilə görüşmüşdür. İşin belə gedişi bizə imkan verib ki, ərazidə olan çatışmamazlığı olduğu kimi görək və onların həllində çıxış yolları tapaq. Bu bizim komissiya üzvləri üçün bir praktikadır və belə bir iş üsulundan biz gələcəkdə də istifadə edəcəyik.
Təhlilər göstərir ki, komissiyaya daxil olan müraciətləri 3 hissəyə bölmək olar:
1.Tibbi köməklik istəyənlər-34%
2.Mənzil məişəti ilə əlaqədar-46%
3.Ailə üzvülərinin itirilməsi ilə əlaqədar-20%
Komissiya il ərzində Dövlət tərəfindən nəzərdə tutulmuş bayram tətbirlərini daimi nəzərdə saxlamış, onların keçrilməsini və ərazidə yaşayan imkansızların bu tətbirdə iştirak etməsi üçün əlində olan imkanlardan istifadə etmişdir. Misal üçün qeyd edirik ki, Müqəddəs Qurban bayramında 203 nəfərə qurban payları paylanmışdır. (6.700.000) m.
8 Mart Beynalxalq qadınlar günü ilə bağlı 4.500.000 manat vəsait qadınlar üçün xərclənmişdir.
Xocalı soyqırımı ilə bağlı 3.000.000 manat xərclənmişdir.
Novruz bayramı ilə əlaqədar 100 nəfərə hər birinə 52000 manatlıq bayram bağlaması təqdim olunmuşdur (5.200.000).
Çernobıl hadisəsinin 19-cu ildönümü ilə bağlı Çernobıl qəzasında zərər çəkən 50 nəfərə hər birinə 50.000 manat maddi yardım göstərilmişdir.
Faşizim üzərində Qələbənin 60 illiyi ilə bağlı yetmiş nəfər Böyük Vətən müharibəsi iştirakçılarına 3 500 000 min manat maddi mükafat verilmişdir.
Qurtuluş günü münasibəti ilə yüz nəfər ərazidə yaşayan imkansızlara 5 000 000 manat yardım paylanılmışdır. Ahıllar günü ilə əlaqədar yüz nəfərə ərazidə yaşayan ahıla 5 300 000 manat yardım göstərilmişdır.
Müqəddəs Ramazan bayramında 5 050 000, əlillər günündə isə 5 000 000 manat maddi vəsait xərclənmişdir.
Cəmi cari ilə bu tədbirlərə 45 250 000 manat vəsait xərclənmişdir. Bundan əlavə nəzərinizə çatdırıram ki, bələdiyyə üzvlərinin və qulluqçularının ad günləri il ərzində qeyd edilmişdir. Bu münasibətlə bələdiyyədə sədrinin sərəncamı ilə 29 nəfər 13 000 000 manatla mükafatlandırılmışdır. Komissiya bələdiyyə üzvlərinin və qulluqçularının doğmalarının vəfatı ilə əlaqədar da kənar da qalmamış üç nəfərə 1 500 000 manat maddi köməklik göstərilmişdir.
Onuda qeyd etmək istərdim ki, Qələbə günün altmış illiyi ilə əlaqədar Ümummilli Liderimiz Heyder Əliyevin ad günü münasibəti ilə keçirilən tədbirlərin hazırlanıb keçirilməsində bələdiyyə üzvləri Qəmər Quliyeva, Mahir Quliyev və Şahin Verdiyev fəal iştirak etmiş təşkilatçı kimi özlərini göstərmişlər.
Komissiyanin göstərilən dövr ərzində gördüyü iılər barədə sizə qısaca hesabat verdim.
Planımızda görüləsi işlər, keçiriləcək tədbirlər çoxdur. Güman edirəm ki, sizinlə birlikdə bu tədbirləri həyata keçirmək mümkün olacaq və ərazidə yaşayan əhalinin sosial vəziyyətini yaxşılaşdırılmaqda bizim dəyərli əməyimiz olacaqdır.
Fürsətdən istifadə edərək qey etmək istəyirəm ki, komissiyanın fəaliyyətində komissiya sədirləri İ. Hüseynov, İ.Həsənov və M.Quliyev, şöbə müdürü İ.Mustafayev yaxından iştirak etmişlər.
Təcrübə göstərir ki, komissiyaların birgə fəaliyyəti ümumi işin xeyrinədir və məsələlərin həllində böyük bir qüvvədir.
Işimizdə uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.(belediyye.com)
İnterpress.az