“Esad yanlılarından acımasız paylaşımlar” və “Madayada aç kalan Suriyeli kız” adlı məqalələrdə aclıqdan üzünün sümükləri çıxan qızcığazın fotosuna baxanların ürəyi parçalandı. Adıçəkilən məqalələrdə Əsəd soyadlı şəxslərin sosoial şəbəkələrdə paylaşdıqları yemək süfrəsinin şəkilləri də yer alıb. Bunu isə məqalə müəllifi aclıqdan sifətinin sümüyü çıxan uşağın fotosunun fonunda Suriyadakı iqtidar-müxalifət uçrumunun dərinliyini müqayisəsi üçün verib.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, şəkli paylaşılan qızın əslində livanlı olduğu üzə çıxıb. “Al Jadeed”ə danışan ailə qızlarının bu fotomontaj ucbatından məktəbdən uzaqlaşdığını deyib.
7 yaşlı qızın nənəsi Marianna Mazeh nəvəsinin şəklin montaj edərək öz məqsədləri üçün istifadə edənləri qınayıb: “Bu adamlar pis niyyətlərini həyata keçirmək üçün azyaşlıları da qurban seçməkdən utanmırlar. Neçə gündür nəvəm utandığından məktəbə gedə bilmir”.
Nənəsi deyib ki, qızın şəklini kənddəki dükandan saqqız almağa getdiyi zaman çəkiblər: “Nəvəmin şəklini çəkib, montajla üzünü pis hala salıblar ki, guya Suriyada azyaşlılar aclıqdan qırılır. Guya Suriya hökuməti Madayada yaşayan Suriya müxalifətini dəstəkləyənləri beləcə aclıqdan qırırlar. Eyni zamanda nəvəmin fotosundan bu mövzuda olan digər məqalələrdə də istifadə edilib”.
Qeyd edək ki, adıçəkilən fotomontajdan İngiltərə və Amerika mediası Suriya prezidenti Bəşər Əsədin əleyhinə hazırladıqları materiallarda istifadə edib.
Abuzər
İnterpress.az