Prezident iclasda 2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapışırıb.
Ölkə başçısının tapşırığından sonra pensiya və maaşlar nə qədər artırılacaq?
İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, Maliyyə Nazirliyi hazırda əmək haqqı və pensiyaların artırılması ilə bağlı layihə üzərində işləyir və bu layihə yaxın vaxtlarda tamamlanıb ölkə başçısına təqdim olunacaq.
Ekspertin fikrincə, bununla əlaqədar 2016-cı ilin dövlət büdcəsi haqqında qanuna dəyişiklik ediləcək: “Dəyişikliyə bu ilin may ayında baxılacaq. Amma əmək haqqılarının daha tez müddətdə artırılması mümkündür. Ölkədə son zamanlar qiymət artımı müşahidə olunur. Qiymət artımına uyğun olaraq əmək haqqını və pensiyaların da indeksiyasına ehtiyac var ki, son vəziyyət vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərməsin. Həm idxal olunan, həm də yerli məhsullarda qiymət artımı var. Təklif edirik ki, istehlak bazarındakı mövcud infliyasiya səviyyəsini, qiymət artımlarını nəzərə alaraq kateqoriyalardan asılı olaraq əmək haqqı və pensiyalar 30 faiz artırılsın”.
İqtisadçının sözlərinə görə, 2016-cı ilin dövlət büdcəsində sosial xərclər üçün ayrılan vəsaitin həcmi 5.7 milyarda manat olub, bu vəsaitin 3.6 milyard manatı birbaşa əmək haqqı ilə bağlı xərclərdir: “Dövlət Neft Fondunun transfer imkanları və qeyri-neft sektorundan büdcəyə daxilolmaların həcmi imkan verir ki, 2016-cı ildə əmək haqqı və pensiyaları 30 fazi artsın”.
Milli Məclisin deputatı Vahid Əhmədovun fikrincə isə, əmək haqqı və pensiyaların artırılması vacibdir: “Əmək haqqı və pensiyalar 20-30 faiz arasında artırıla bilər. Amma sözsüz ki, imkana baxmaq lazımdır. Dövlət büdcəsinə yenidən baxılacaq, Neft Fondundan transfer olunacaq və s. bunlar hesablanıb baxılmalıdır. Bu baxımdan ölkə başçısının tapşırığı mühüm addımdır və düşünürəm ki, yaxın vaxtlar öz müsbət təsirini göstərəcək”.
İnterpress.az