Prezident narazı qaldı – Monopoliya yaranır, qiymətlər şişirdilirbackend

Prezident narazı qaldı – Monopoliya yaranır, qiymətlər şişirdilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bu il Bakı-Astara dəmir yolunun qalan hissəsi tikilməlidir. Orada qalan hissə 8 kilometrdir\”. Bunu Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasını keçirən prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, İran ilə artıq danışıqlar aparılıb və bu yolun əhəmiyyəti çox böyükdür. Bu, Azərbaycanı Şimal-Cənub dəhlizinin çox önəmli partnyoruna çevirəcək. Beləliklə, Şərq-Qərb və Şimal-Cənub – bütün yollar Azərbaycandan keçəcək. Bu yol Azərbaycanın siyasi, iqtisadi maraqlarını təmin edəcək. \”Ona görə, bir daha demək istəyirəm, ən azı bu il o qalan 8 kilometr yol tezliklə tikilməlidir və burada bütün müvafiq qurumlarla koordinasiya işləri də aparılmalıdır\”.

İ.ƏIiyev şəhər nəqliyyatının vəziyyətinə də toxunub. O deyib ki, şəhər nəqliyyatı vahid bir sistem olmalıdır, inteqrasiya edilmiş sistem. Burada da sadəcə olaraq inkişaf etmiş şəhərlərin təcrübəsini tətbiq etməliyik. \”Metro, avtobus, digər vasitələr vahid sistem şəbəkəsinə qoşulmalıdır. Yeni qurumun işi təşkil edilməlidir ki, şəhər nəqliyyatı Bakıda ən yüksək standartlara cavab versin. Sistem elə olmalıdır ki, yollar, dayanacaqlar, işıqforlar, metro, avtobus vahid sistem kimi işləməlidir.

Biz Bakıda son vaxtlar şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün çox böyük işlər görmüşük. Əgər biz bu işləri görməsəydik indi şəhər tıxac içində boğulardı\”.

O, bu il yolların salınması məsələsinə daha ciddi nəzarət həyata keçirilməli olduğunu, nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalı olduğunu deyib.

Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində Türkiyənin böyük TIR maşınlarının Orta Asiyaya, Qazaxıstana çıxışı çətinləşdi. Azərbaycan dərhal öz imkanlarını ortaya qoydu, güzəştlər edildi və bu gün bu istiqamətdə də dəhliz işləyir. Dövlət başçısı bu gün Azərbaycanın tranzit potensialından istənilən səviyyədə istifadə etmədiyini deyib. \”Bu da nəyə görədir? Ona görə ki, nəqliyyat qurumlarının – Xəzər gəmiçiliyi, dəmir yolu, liman – hərəsi öz korporativ maraqlarını güdür, ortada isə Azərbaycan maraqları zərər görür. Buna yol vermək olmaz. Burada da tam şəffaflıq olmalıdır. Gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq. Yəni, bir daha demək istəyirəm ki, son vaxtlar sürətli inkişafımız bəzi hallarda bu məsələlərə diqqətimizi azaldıb. Dövlət bütün yükü öz üzərinə götürmüşdü. Ona görə, bəzi dövlət qurumları, şirkətlər passiv fəaliyyət aparırdılar, təşəbbüs göstərmirdilər. Hər ilin sonunda daha çox sifariş edirdilər ki, mənə filan qədər vəsait ayırın, mən burada yol tikəcəyəm, bunu tikəcəyəm, onu tikəcəyəm\”.

O, tikinti sahəsində yeni qaydaların, açıq tenderlərin olmasının vacibliyini qeyd edib. \”Bizdə adət olub, dəmir yolu çəkilir, gərək bunu dəmir yolu idarəsi tiksin. Nəyə görə? Orada monopoliya, inhisarçılıq yaranır, qiymətlər şişirdilir. Açıq tender elan olunmalıdır. Mən artıq göstəriş vermişəm. Yerli şirkətlərə üstünlük verilməlidir, xarici şirkətlər iştirak etmək istəyirlərsə onlar da iştirak etsinlər. Kim daha ucuz qiymətə daha keyfiyyətli tikərsə tiksin\”.

İnterpress.az