Bir neçə gün öncə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində aşkarlanan 4 tona yaxın mənşəyi məlum olmayan ət zərərsizləşdirilib. Baytarlıq Nəzarəti Xidmətinin(DBNX) mətbuat xidmətindən verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən reydlər davam etdirilir.
Yanvarın 9-da Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri aşkar edilmişdi.
Bu cəmdəklərdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı nümunələrin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş heyvan cəmdəklərinin olması müəyyən edilib.
Aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.
Bu qərara uyğun olaraq yanvarın 12-də həmin heyvan cəmdəkləri Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.
İnterpress.az