Yumurta və dərmanı bahalaşdıranlara qarşı cinayət işi başlandı: saxlanılanlar varbackend

Yumurta və dərmanı bahalaşdıranlara qarşı cinayət işi başlandı: saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monitorinq zamanı “Giləzi – Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunub. Müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonu, Q. Quliyev küçəsi 31 C ünvanında yerləşən “Alfamed” MMC-nin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub.

Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.

“Alfamed” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara mühasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb. Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 və 200.1-ci maddələri ilə cinayət işi başlanmaqla “Alfamed” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İbadulla Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

İnterpress.az