Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçdi. Bəlli oldu ki, MTN-dəki cinayətkar şəbəkə digər nazirlikləri də qanunsuz işlərə cəlb edibmiş. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirildi. Nəticədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov da vəzifəsindən azad olundu.
Maraqlıdır ki, hələlik Eldar Mahmudov kimi, Vidadi Məmmədov da həbsdən yayına bilib. Redaksiyamıza məlumat verən bir mənbə iddia edir ki, V.Məmmədovun evində aparılan axtarış zamanı qiyməti yüz minlərlə dollarla ölçülən ləl-cəvahirat aşkarlanıb, onun ciddi qanunsuzluqları üzə çıxıb. Bizi bilgiləndirən mənbə iddia edir ki, V. Məmmədov Eldar Mahmudovun kadrı olub: “Belə ki, Vidadi Məmmədovla Eldar Mahmudov əvvəl ”OBXSS\”də bir yerdə işləyiblər.
Eldar Mahmudov nazir olanda öz kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlayıb. 2007-ci ildə Vidadi Məmmədov Vergilər Nazirliyinə gəlib və 2012-ci ildə Eldar Mahmudovun əli ilə general rütbəsi alıb. Belə ki, Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri MTN şefi olan Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Vidadi Məmmədovun iş adamlarını öz otağına çağıraraq, istədiyi rüşvəti ala bilmədiyinə görə qandallatdıra da bilməsi Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən dəfələrlə narahatlıqda qarşılanıb və ona özünü yığışdırması haqda göstərişlər verilsə də, vergi generalının “qoruyucu mələyi” Eldar Mahmudov araya girərək onu hər dəfə xilas edə bilib.
Elə Azərbaycan Prezidentinin “Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb, 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır”, sözləri də birbaşa V.Məmmədov və onun kimilərə ünvanlanmışdı. Ancaq konkret faktlar olmasına baxmayaraq, Fazil Məmmədov onun həbsinə nail ola bilmir\”.
Qaynaq iddia edir ki, V.Məmmədov bu gün də Vergi cinayətlərinin ibtidai araşdırılması departamentini öz nəzarətində saxlayır: “Onun sağ əli olmuş, bu gün də əlaqələri olan Nəriman Məcidov orada öz işində qalır və fəaliyyətini davam etdirir. O, departamentin şöbə müdiri vəzifəsində qalır. N.Məcidov bundan öncə də Elmir Şirinova əlbir çalışıb. Mühüm işlər üzrə böyük müstəntiq olan, ”qarşılıqlı əlaqələr\” maxinasiyasında ad çıxaran Nəriman Məcidov V.Məmmədova ən çox pul qazandıran şəxs olub. “Qarşılıqlı əlaqələr” Vidadi Məmmədovun “kəşfi”dir. Məsələn, A şirkətinin qanunsuz fəaliyyətlə məşğul olması bilinib və şirkət haqqında cinayət işi açılıb. Nəriman Məcidov və digər müstəntiqlər həmin şirkətlə iş görən firmaları da araşdırır və istintaqa cəlb edirmiş. Onlardan “adınız bu şirkətlə hallanır” hədə-qorxusu ilə pullar tələb olunurmuş. Beləcə, A şirkəti ilə bağlı cinayət işindən ayrı pul alınır, onunla əməkdaşlıq edən şirkətlər isə ayrıca soyulurmuş. Bu tip şirkətlərdən ən azı 20 min manat alınmadığı təqdirdə, onları cinayət işinə qoşub, sahibkarın başına müsibətlər gətiriblər. “Qarşılıqlı əlaqələr”dən alınan pullar isə “ümumi katyol”dan gizlədilib və Vidadi Məmmədov-Elmir Şirinov-Nəriman Məcidov üçlüyü arasında bölüşdürülüb\”.
Mənbə qeyd edir ki, Nəriman Məcidov bu gün də Vidadi Məmmədova bağlıdır və nazirlikdə baş verən ən kiçik dəyişiklikdən onu məlumatlandırır: “V.Məmmədov işdən azad olunduğu gün nazirlik işçilərinin yaddaş kartları və bilgisayarları yığışdırılsa da, Nəriman Məcidov lazımi məlumatları ələ keçirə bilib və nəzarət zəiflədikdən sonra götürülən bilgilər V.Məmmədova ötürülüb. Elə həmin dosyelərə görə də Eldar Mahmudovun Vergilər Nazirliyindəki ”Akif Çovdarov\”una kimsə toxuna bilmir. Vergilər naziri haqqında mətbuata zaman-zaman sızdırılan məlumatlarda da bu qrupun rolu böyükdür.
Belə ki, özlərinin də iştirak etdikləri cinayətləri qəsdən nazirlə əlaqələndirərək mətbuata ötürərək, “yuxarılar”ı şantaj ediblər. Vergilər Nazirliyi N.Məcidovun işdən sonrakı fəaliyyətini araşdırarsa, bunun bir iddia olmadığını görəcəkdir. Nəriman Məcidovun həm Elmir Şirinov, həm də Vidadi Məmmədovla münasibətlərini öyrənmək üçün “İçərişəhər” metrosu yaxınlığında yerləşən “Monolit” binasının müşahidə kameralarını izləmələri kifayətdir. Bir fakt da odur ki, nazirlikdə “paket” sistemi minimuma endirilsə də, Nəriman Məcidov hələ də aylıq 3 min manat “paket” alan şəxslər arasındadır\”.
Mənbə bildirir ki, Nəriman Məcidovun hansı sahibkarlardan nə qədər rüşvət alması, kimləri şərləməsinə dair siyahı əldə edilib: “Həmin müraciəti də ölkə rəhbərliyinə göndərəcəyik. Sahibkarların ümumi razılığı olmadığı üçün həmin siyahı ictimailəşdirilmir, çoxları adının mediada getməsini istəmir”.(musavat)
İnterpress.az