Tovuz rayon sakini 17 yaşlı Anar Səmədovun bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb.
Tovuz Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1995-ci il təvəllüdlü Zülfiyyə Nizami qızı Məhərrəmovanın qardaşı tərəfindən öldürülməsi faktı dəqiq və yoxlanmış məlumat deyil: \”Bəzi kütləvi informasiya vasitələri məlumat yayıblar ki, 21 yaşlı qız qardaşı tərəfindən öldürülüb və yaxınlıqdakı qəbiristanlıqda basdırılıb. Bu məlumatlar həqiqətə uyğun deyil\”.
İdarədən verilən məlumata görə, Zülfiyyə Məhərrəmova sonuncu dəfə qardaşı ilə bir yerdə olub. Evdə də qan izləri aşkar edildiyi üçün Anar Səmədov şübhəli şəxs qismində istintaqa çağırılıb. Ancaq o, istintaqa fərqli sözlər deyib, hadisəni törətdiyini etiraf etməyib. \”Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda Z. Məhərrəmovanın axtarışları davam etdirilir. Harada olması barədə məlumat yoxdur. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir\”.
Xatırladaq ki, ötən gün KİV-də Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb.
Məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayon Polis şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbiristanlıqda basdırdığını bildirib.
Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.
Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Z.Məhərrəmova dünən itkin düşüb.
İnterpress.az