Bunu iqtisadçı Qubad İbadoğlu ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyasının ləğv olunmasına münasibət bildirərkən deyib.
Ekspert son prosesləri şərh edərkən Mərkəzi Bankın “üzən məzənnə” siyasətini tətbiq etmək iqtidarında olmadığını bildirib:
“Gah banklara sərbəstlik verilməsi, sonra mübadilə məntəqələrinin satışının limitləşdirilməsi və sənədləşdirilməsi, gah da yalnız bir müvəkkil banka valyuta satışı icazəsi verilməsi sonradan isə bütün mübadilə məntəqələrinin lisenziyasının qanunsuz olaraq geri alınması və bu hüququn hava limanında və mehmanxana da təşkil olunacaq mübadilə məntəqələrinə verilməsi onu göstərdi ki, Mərkəzi Bank üzən məzənnə siyasətinə keçməyə hazır deyildi”.
Q.İbadoğlu “qara bazar”ın formalaşmasında Mərkəzi Bankın “müstəsna xidmətlər”ini xüsusi qeyd edib:
“Son günlər Mərkəzi Bankın verdiyi sistemsiz və ziddiyyətli qərarlar əhali arasında çaşqınlıq yaratmaqla yanaşı valyuta satışı üzrə \”qara bazar\”ların yaranmasını və inkişafını stimullaşdırır.
Hesab edirəm ki, hazırda Azərbaycan iqtisadiyyatının başlıca problemi valyutanı necə satmaq deyil, onu xaricdə qazanmaq və sərbəst şəkildə ölkəyə gətirməkdir. Buna yalnız yerli istehsalın inkişafı və onların ixracatının təşviq olunması yolu ilə nail olmaq mümkündür.
Bu isə hökumətin indiyə qədər həll etməli olduğu ən vacib problem idi. Təəssüflər olsun ki, son 10 ildə hökumət \”papağını günə vermək\”lə məşğul olub və buna baxmayaraq hələ də inzibati tənzimləmə vasitələrindən başqa bir iş görmür. Bu isə ölkədə həm valyuta və həm dər ərzaq qıtlığına gətirib çıxara bilər. İnsanlara güclə manatı sevdirmək mümkün olmayacaq, ona olan etibarı qaytarmaq üçün valyuta bazarında tələb və təklif tarazlığı ilə manatın gerçək məzənnəsi formalaşmalı, liberal islahatlar həyata keçirilməli, gizli iqtisadiyyat leqallaşmalı, inhisarçılıq və korrupsiya aradan qalxmalı, bir sözlə ölkədə azad bazar qanunları bərqərar olmalıdır”.
İnterpress.az