“İnterpress” APA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. \”Koroğlu\” metro stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Ramin Əvəz oğlu Qaraşovun avtomobilinə sərnişin əyləşib. Sərnişin sürücüdən onu Ramana qəsəbəsinə aparmasını xahiş edib. Mənzil başına çatanda müştəri taksiyə pul vermək əvəzinə cibindən bıçaq çıxarıb. O, sürücüyə hədə qorxu gələrək pul tələb edib. Ramin Qaraşov pul verməkdən imtina etdikdə müştəri bıçaqla ona iki zərbə endirərək ərazidən uzaqlaşıb.
Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Həkimlər əməliyyat olunan Ramin Qaraşovun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə 12-ci polis bölməsinə məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir.
Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.
İnterpress.az