“Qafqazinfo” xəbər verir ki,Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bir neçə gün öncə aksiya keçirən Liman şəhərinin sakinləri ilə görüş keçirib. İH-dən verilən məlumatda bildirilir ki, qəbul-görüşdə şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, Liman şəhərinin ağsaqqalları, ziyalıları, ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 500 nəfər iştirak edib.
Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Bəxtiyar Səfərov çıxış edib bildirib ki, aparılan abadlıq işləri nəticəsində Lənkəran və Liman şəhərlərinin simasını tamamilə dəyişib.
Liman bələdiyyəsinin sədri Çingiz Əsədullayev, Liman şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanlı, Liman şəhər xəstəxanasının baş həkimi Naib Zeynalov, Qunbaşı kənd məktəbinin müəllimi Şakir Qasımov çıxış edib ərazidə və bütövlükdə rayonda həyata keçirilən quruculuq işlərindən danışıblar.
İH-nin xəbərində deyilir ki, çıxış edənlər ölkədə möhkəmlənmiş siyasi sabitliyi, əminamanlığı heç bir qüvvənin poza bilməyəcəni, Azərbaycan xalqının heç vaxt buna imkan verməyəcəyini qeyd edib və 12 yanvar 2016-cı il tarixdə bir qrup şəxs tərəfindən ölkənin bəzi yerlərində, o cümlədən Liman şəhərində ictimai asayışın pozulmasına göstərilmiş cəhdi yolverilməz səhv hərəkət kimi qiymətləndiriblər. Çıxış edən natiqlər eyni zamanda Liman xəstəxanası və şəhər 2 saylı məktəb üçün yeni binaların tikintisi, xəstəxanaya təcili tibbi yardım maşınının ayrılması, uşaq bağçalarının əsaslı təmiri, şəhər stadionu üçün yerin müəyyən edilməsi, avtobus dayanacaqlarının qoyulması, bazarın və avtovağzalın tikilməsi, içməli su xəttinin çəkilməsi, məhəllə yollarının təmiri, əhalinin məşğulluğu və sair məsələrlə bağlı təkliflərini irəli sürüblər.
İcra başçısı Taleh Qaraşov Liman şəhərinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi davamlı diqqətinin parlaq nümunəsi olduğunu bildirib. Şəhərdə mərkəzi küçələr asfaltlanıb, yeni körpü tikilib, səkilər bərpa olunub, köhnə qaz xətti yenisi ilə əvəzlənib və digər tədbilər həyata keçirilib…
Qeyd edək ki, kütləvi aksiyalar keçirilən digər rayonlarda da icra başçıları, səlahiyyətli şəxslər narazı əhali ilə görüşlər təşkil edirlər.
İnterpress.az