Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters”in icmalında deyilir.
Agentlik azı dörd “qara bazar” alverçisinə istinadən yanvarın 14-də Bakıa 1 ABŞ dollarının 1.8 manata alındığını xəbər verib. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş rəsmi məzənnə isə 1.5706 manatdır.
Bildirilir ki, Mərkəzi Bank dolların valyutadəyişmə məntəqələrində alınıb-satılmasını qadağan edib. Buna baxmayaraq Bakıda dollar “qara bazarı” artıq formalaşıb.
“Azadlıq” radiosunun reportajında da Bakının 28 may metro stansiyası və dəmiryol vağzalı ətrafında dollar alverçilərinin çoxaldığı deyilir. Hüquq-mühafizə orqanlarının keçirdikləri reydlərdən ehtiyatlanan alverçilər əsasən xəlvəti işləyir, jurnalistlərlə təmasdan yayınır. Reportaja əsasən hazırda “qara bazarda” 1 ABŞ dolları 1.85-1.90 manata alınır, 2 manata satılır. Maraqlıdır ki, “qara bazar” alverçiləri arasında bağlanan valyutadəyişmə məntəqələrinin işsiz qalmış əməkdaşlarına da rast gəlinir. Onlar iş yerlərini itirdiklərini və çarəsiz qalaraq bacardıqları işi heç olmasa metronun ətrafında davam etdirməyə çalışdıqlarını deyirlər.
Daxili İşlər Nazirliyiinin məlumatına görə, indiyə qədər 20-dən çox adam tutulub cərimə edilib. İndi həm “qara bazar”ın ənənəvi məkanı sayılan 28 may metrostansiyası ətrafında, həm də Səməd Vurğun bağı ərazisində post patrul xidməti əməkdaşları daha çox gözə dəyir.
Lakin ekspertlər hesab edir ki, inzibati metodlarla dollar qara bazarının qarşısını almaq çətin olacaq. Çünki vətəndaşlar əllərindəki dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə dəyişmək istəmir və qara bazara üz tutur. Habelə banklar əhalinin dollara tələbatını tam ödəmək imkanında deyil.
İnterpress.az