Natiq Əliyev: “Neftin ucuzlaşmasına başlıca səbəb böyük güclər arasındakı siyasi ziddiyyətlərdir”backend

Natiq Əliyev: “Neftin ucuzlaşmasına başlıca səbəb böyük güclər arasındakı siyasi ziddiyyətlərdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Respublika” qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, Rusiya və Qərb arasındakı gərginliklər, Rusiya-Suriya-Türkiyə problemi, regionu sarmış İŞİD fəlakəti, Səudiyyə Ərəbistanı və İran qarşıdurması, eləcə də Yaxın Şərqdə – İraqda, Suriyada, Liviyada davam edən müharibələr bu konfliktlərin təsir dairəsinə daxil olan bütün ölkələrin gələcək inkişaf kursuna müəyyən təhdidlər doğurur.

O bildirib ki, müasir dünyamızda baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi enerji amilinin yenə əhəmiyyətli rolu var: “Amma maraqlıdır ki, qlobal arenada oyun qaydalarının xeyli dərəcədə dəyişməsi enerji məsələlərinin bu proseslərə təsir formalarını da yeniləşdirib. Məzənnəsi təbii iqtisadi qanunauyğunluqlardan daha çox sırf siyasi maraqlarla süni şəkildə müəyyənləşdirilən neftin qiymətindəki məqsədli tərəddüdlər bu gün iqtisadiyyatında enerji amili xüsusi rol oynayan opponentə ciddi təzyiq vasitəsinə çevrilib. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə – 3-4 dəfə aşağı düşməsi hər nə qədər iqtisadi səbəblərlə, yəni, ABŞ-ın neftə olan tələbatını tam öz hesabına ödəməsi, bu ölkənin Federal Ehtiyat Sisteminin hər ay dünya birjalarına buraxdığı vəsaiti azaltması, Avropa ölkələrinin iqtisadi tənəzzüldən çıxa bilməməsi, Çində iqtisadi artım tempinin zəifləməsi, OPEK ölkələrinin neft hasilatını artırması və hasilatı azalda bilməməsi, böyük neft-qaz potensialına malik İranın dünya bazarına yenidən daxil olması və s. bu kimi reallıqlarla əsaslandırılsa da, başlıca səbəblərin böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur”.

Nazir qeyd edib ki, bütün bunların milli iqtisadiyyatında neft həlledici rol oynayan Azərbaycan kimi ölkələrin sosial-iqtisadi həyatına mənfi təsirləri isə bu proseslərin ən çox təəssüf doğuran məqamıdır: “Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Bu təsir xarici valyutalar qarşısında Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə nəticələnsə də, dayanıqlı inkişaf modeli mürəkkəb qlobal situasiyada da ölkəmizin müxtəlif sahələr üzrə inkişafını, enerji dövləti kimi öz həlledici mövqeyini qoruyub saxlamasını təmin edib”.

İnterpress.az