Məcburi köçkünlərə edilən güzəştlər ləğv ediləcəkbackend

Məcburi köçkünlərə edilən güzəştlər ləğv ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun prezidentin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında da bunun anonsu verilib. Əli Həsənov hazırda təkcə Bakı şəhərində 150 min nəfər məcburi köçkünün istismara yararsız yataqxana, pansionat, yarımçıq tikililərdə olduqca çətin şəraitdə yaşadığını bildirməklə yanaşı deyib ki, məcburi köçkünlərə nəzərdə tutulan güzəştlərin tam təhlili aparılıb, 2016-cı ildə komitəyə ayrılan büdcədən 40 milyon manata qədər vəsaitə qənaət edilməsi üçün təkliflər hazırlanıb. Həmin təkliflər aidiyyəti nazirlərlə müzakirədən sonra yaxın vaxtlarda ölkə prezidentinin diqqətinə təqdim ediləcək. Əli Həsənov həmçinin məlumat verib ki, 2015-ci ildə komitəyə ayrılmış büdcədən, yaranmış maliyyə çətinlikləri nəzərə alınaraq, 5 milyon manat vəsaitə qənaət edilib.

Əli Həsənov dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə, şəffaf şəraitdə xərclənməsi ilə bağlı bildirib ki, məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər müəyyənləşdirilmiş normativlər üzrə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına, müavinətlər isə plastik kartlarla ödənilir. Nəticə etibarilə artıq 10 ildir ki, vəsaitlərin ödənişində canlı təmas amili tam aradan qaldırılıb. Onun sözlərinə görə, bu sahədə işlərin təkmilləşdirilməsi həm müvafiq icra hakimiyyətləri, həm də xidmət təşkilatları ilə birlikdə həyata keçirilir. Qaz və elektrik enerjisi sahəsində sayğaclaşma işləri tam başa çatdırılıb.

Qeyd edək ki, hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilir. Eyni zamanda məcburi köçkünlərə 18 manat aylıq yemək xərci verilir. Bundan başqa, kənd rayonlarında məskunlaşan məcburi köçkün ailələri yanacaqla təmin olunurlar.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirildi ki, təkliflər paketi hazırda hökumətlə müzakirə edilir. Müzakirələr yekunlaşdıqdan və təkliflər paketi ölkə başçısına göndəriləndən sonra qənaətin məcburi köçkünlərə güzəştlərə hansısa şəkildə təsir edib-etməyəcəyi açıqlanacaq.

Ekspertlər isə bildirir ki, bahalaşma və işsizlik onsuz da məcburi köçkünlərin də yaşayışına mənfi təsirini göstərir. Güzəştlərin ləğvi əhalinin bu təbəqəsinin güzəranını daha da ağırlaşdırar. Rayonlarda elə məcburi köçkün ailələri var ki, sözügedən komitənin ayırdığı 18 manat (hər nəfər üçün) çörəkpulundan başqa heç yerdən gəlirləri yoxdur. Güzəştlərin ləğvi belə ailələri xüsusilə acınacaqlı situasiya ilə üz-üzə qoya bilər.(musavat.com)

İnterpress.az