Manatın devalvasiyasından sonra ölkədə rəsmi qurumların bahalaşmaya qarşı ölkənin şimalında da kəsərli tədbirlər görülür.
ANS PRESS-in məlumatına görə, yanvarın 16-da Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev icra hakimiyyətində müşavirə keçirərək xüsusi sərəncam imzalayıb.
Sənəddə qeyd olunur ki, süni bahalaşmanın qarşısını almaq üçün 16 nəfərdən ibarət işçi qrupları yaradılıb. Müxtəlif dövlət qurumlarından , iş adamlarından,hüquq-mühafizə orqanlarından ibarət olan işçi qrup üzvləri rayonda un və un məhsulları daxil olmaqla bütün ərzaq növlərinin qiymətinin süni artırılmasına qarşı yoxlamalara başlayıb.
Keçirilən monitorinqlərdə hansı marketdə, hansı mağazada qiymət artımı müşahidə olunarsa, həmin obyektlərə qarşı yerindəcə qanuni tədbir görüləcək.
Bildirək ki,ölkə başçısı İlham Əliyev keçirdiyi son müşavirədə baş prokurorluğa süni qiymət artımı faktları ilə bağlı ciddi tədbir görülməsini tapşırıb.
Bu funksiyani isə yerlərdə rayon prokurorluqları həyata keçirir.Xaçmaz prokurorluğundan verilən məlumata görə,işçi qrupu belə faktlar aşkar edərsə həmin sahibkarlar barəsində ciddi qanuni tədbir ,ölçü götürüləcək.
Manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması üçün bir sıra qurumlar təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq nəzarət tədbirləri davam etdirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edir.
Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.
İnterpress.az