Azərbaycanlıların Koordinasiya Mərkəzindən Almaniya radiosuna ETİRAZbackend

Azərbaycanlıların Koordinasiya Mərkəzindən Almaniya radiosuna ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diaspora İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi yanvarın 10-da Almaniyanın “Deutschlandfunk” radiosunda yayımlanan “Mövcud olmayan ölkədə” adlı reportaja görə radio rəhbərliyinə etiraz məktubu ünvanlayıb.

Belə ki, reportajın müəllifi Sven Toniges adlı jurnalist bir qrup alman turistlə birgə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə gedib və tamamilə qərəzli bir reportaj hazırlayıb.

Etiraz məktubunda bildirilir ki, jurnalist və turistlərdən ibarət qrup Azərbaycan hökuməti ilə razılaşdırmadan Ermənistan tərəfindən işğal edilmiş ərazilərə gəlib.

Bu səbəbdən də Ermənistanın işğalı altında olan və dünya dövlətləri tərəfindən Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağa edilən bu səfər qeyri-qanuni xarakter daşıyır.

“Minlərlə azərbaycanlınını bir araya gətirən bir təşkilat olaraq bildiririk ki, jurnalist Tonigesin bu formatda səfəri Almaniya-Azərbaycan münasibətlərinə ciddi zərbədir. Çünki, Almaniya regionda vacib rola malikdir və mütəmadi şəkildə Avropa Birliyinə öz tövsiyələrini təqdim edir.

Buna görə də alman cəmiyyəti bu cür münaqişələri düzgün təsvir etməlidir”, deyə müraciətdə deyilir. Məktubun sonunda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi radionu obyektiv olmağa və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

İnterpress.az