İş o yerə çatıb ki, ölkənin paytaxtı Bakıda da belə neqativ hallar yaşanır.
Və ən qəribəsi odur ki, “bütün dünyanın” gözü önündə Bakıda hündürmərtəbəli binalar tikilir, həmin binalara qaz verilmir. Hətta məlum olur ki, bu binaların sənədləri yoxdur.
Bəs, qanunsuz olaraq belə binaları necə tikə bilirlər? Doğrudanmı müvafiq qurumlar bunu görmürlər? Görmürlərsə, demək işlərinin öhdəsindən gələ bilmirlər. Yox, özlərini görməzliyə vururlarsa, bu daha böyük cinayətdir. İstənilən halda bunun əziyyətini sadə kütlə çəkir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı məsələ ilə bağlı Modern.az-a bildirib ki, bu gün ölkənin bütün rayonlarında minlərlə guya, qeyri-qanuni səxsi evlər tikilib.
\”Yüzlərlə “novostroykalar”da insanlar yaşayır, lakin həmin binalarla bağlı “təhvil alınmayıb” iddiası irəli sürüldüyündən, vətəndaşlar bu ev və mənzillərə sənəd ala bilmirlər. Çox təəssüf ki, belə hallar var və bu, insanlarımız üçün ciddi problemdir”.
“Hətta bəzən qanunsuz adlandırılan həyət evlərini söküb-dağıdırlar, bu məsələyə münasibətiniz necədir” sualına xanım deputat belə cavab verib:
“Hesab edirəm ki, hər iki məsələ təcili həll edilməlidir. Qanunsuz tikildiyi bildirilən həyət evləri ilə bağlı bir neçə il bundan qabaq möhtərəm Prezidentimiz müvafiq icra strukturlarına rəsmi tapşırıq verdi. Məsələyə Milli Məclisdə baxıldı. Artıq müvafiq qərar var. Ona görə də düşünürəm ki, həm Bakıda, həm də rayonlarda bu problem tezliklə həllini tapmalıdır. Çünki əks təqdirdə ciddi problemlər yaranır. Bir də görürsən illər öncə tikilmiş evlər sökülür. Bu da çox ciddi sosial narazılıqlara səbəb olur. Sual olunur, bu evlər tikiləndə guya, əlaqədar qurumlar, yaxud vəzifəli insanlar bunu görmürdülər.
Digər məsələ “novostroykalar”la bağlıdır. Burada da cox ciddi problemlər var. Yenə də illərdir ki, hamının gözü önündə vətəndaş bu evdə yaşayır, amma sənədləşdirmə aparılmır. O zaman niyə bu evlərdə yaşamağa icazə verilir? Axı sahibkarlarla müxtəlif strukturlar arasındakı hansısa məsələnin vətəndaşa nə aidiyyatı var?
Ona görə hesab edirəm ki, bu məsələlərin təcili həll olunmasına ehtiyac var, uzandıqca problemlər və narazılıqlar çoxalır”.
İnterpress.az