“Ayaz Mütəllibovla Vaqif Hüseynov cinayətin ört-basdır olunması üçün əllərindən gələni etdilər”backend

“Ayaz Mütəllibovla Vaqif Hüseynov cinayətin ört-basdır olunması üçün əllərindən gələni etdilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün sonra 20 Yanvar hadisələrinin 26-cı ildönümü qeyd olunacaq. Azərbaycanın keçmiş baş naziri, 1990-cı ilin “qanlı yanvar” hadisələri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin üzvü olmuş Pənah Hüseyn faciə ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.

– 20 Yanvar barədə çox danışılıb, bəzi şeylər üzə çıxıb. Lakin hələ də müəyyən qaranlıq məqamlara işıq salınmayıb. Elə ilk olaraq istərdik ki, o dövrün mənzərəsinə Pənah Hüseynin nəzəri ilə ekskurs edək.

– Mən o qənaətdəyəm ki, 20 Yanvar haqqında bəzi şeylər yox, çox şeylər üzdədir. İşıq salınmayan qaranlıq məqamlar isə ayrı- ayrı detallar və şəxslərlə bağlı ola bilər. Hazırda 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan cəmiyyətində, ictimai şüurunda yekdil fikrin formalaşmasından danışmaq mümkündür. O ərəfədə bilirsiniz ki, Azərbaycanda keçmiş SSRİ – də gedən proseslərin tərkib hissəsi kimi demokratik, antitotalitar inqilab gedirdi . Eyni zamanda, milli azadlıq hərəkatı geniş vüsət almışdı və bu iki proses Dağlıq Qarabağda silahlı erməni terroru, separatizmi və işğal hərəkətləri ilə müşayiət olunurdu. Bir də ayrıca müstəqil faktor kimi Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə və bunun nəticəsi olaraq qaçqınlar problemi mövcud idi.

SSRİ- nin dağılmasının qarşısını almaq istəyən imperiya qüvvələrinin müqavimətinin təzahürü kimi müxtəlif yerlərdə milli hərəkatlara zərbələr vurulurdu və bunun ağırı Azərbaycanda gerçəkləşdirildi. O dövrdə faktiki olaraq Azərbaycanda elə siyasi situasiya formalaşmışdı ki, bir neçə aydan sonra keçiriləcək seçkilərdə milli demokratik müxalifətin AXC –nin şəxsində hakimiyyətə gələcəyi şübhə doğurmurdu. Moskva isə yerli əlaltıları ilə bunun qarşısını almağa çalışırdı. Yerli kommunist təşkilatı və hakimiyyət strukturları iflas etmişdi və iflic vəziyyətində idi. Əhali arasında ən nüfuzlu və mütəşəkkil ictimai siyasi qüvvə AXC idi. Lakin yanvar ərəfəsində AXC yerlərdə öz təsir gücünün pikinə çatsa da, AXC elitasında 1989-cu ilin noyabrından başlanan böhrandan yalnız 8 yanvar 1990 –cı ildə legitim rəhbər idarəedici strukturların formalaşdırılması vasitəsi ilə çıxmaq mümkün olmuşdu. Bu, o vaxtkı proseslərin nizamlanmasında AXC-nin roluna mənfi təsir göstərmişdi və onu aşağı salmışdı..

– Həmin ilin 13 yanvarında Bakıda təxribat olmuşdu, ermənilər öldürülmüşdü. Mən AMİP lideri Etibar Məmmədovla müsahibə zamanı bu məsələyə toxunmuşam, o deyib ki, AXC həmin provakasiyaların olacağı haqqında informasiyalara malik idi. Etibar Məmmədovun sözlərinə görə, Azərbaycanın daxili işlər nazirinin kabinetində SSRİ daxili işlər nazirinin müavini Lisauskasla görüşüb və ona məlumat verib ki, Bakıda belə təxribatlar hazırlanır. Azərbaycan vətəndaşı olaraq mənə maraqlıdır, AXC belə təxribatların olacağını bilə-bilə niyə hər hansı profilaktik tədbirlər görmürdü?

– Əlbəttə ki, istər AXC, istərsə də rəsmi hakimiyyət əsas etibarı ilə ermənilərin Ermənistanda azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və zorakılıqlar, Dağlıq Qarabağda dinc əhaliyə qarşı silahlı terror hərəkətlərinin nəticəsi olaraq Azərbaycanda, o cümlədən Bakıda bu tipli hadisələr üçün təhlükəli ortam yaranmağından məlumatlı idi. Lakin AXC-nin diqqəti 90-cı ilin yanvarında Qarabağda ermənilərin başlatdığı müharibəyə qarşı müqavimətin təşkilinə yönəlmişdi. AXC İdarə Heyətində Bakıda erməni mənşəli sakinlərə qarşı zorakılıq və qətllərlə müşayiət olunacaq təxribatlar barədə konkret məsələ, nə qədər ki, mənə məlumdur, AXC İdarə Heyətində müzakirə olunmamışdı. Belə konkret informasiyalar haqqında məlumatlar da daxil olmamışdı və mən hesab edirəm ki, kənarda xüsusi hazırlanmış təxribat qüvvələri olmasaydı, o hadisələr də olmaya da bilərdi.

Bir sıra ekspertlər bəyan edirlər ki, ermənilərə qarşı törədilən aksiyalar xüsusi xidmət orqanlarının Bakıya SSRİ ordusunun yeridilməsi üçün ortaya atdığı oyun idi. Bunu təsdiqləyən xeyli faktlar da var. Çünki sonradan Bakıya qoşunların yeridilməsi məsələsinin hələ dekabrın sonu, yanvarın əvvəllərində müzakirəyə çıxarıldığını sübut edən xeyli sənədlər ortaya çıxdı. Tamamilə mümkündür ki, ermənilərə qarşı atılan addımlar Azərbaycana qoşunların gətirilməsi üçün düşünülmüş, planlaşdırılmış təxribat olsun.

– O zamanlar AXC qüvvələri ilə dövlət rəhbərliyi arasında təmaslar olurdu. Təbii ki, bu görüşlərin əsas müzakirə mövzusu o dövrün gündəmi ilə bağlı idi. Sualım isə belədir ki…

– (Sözümü kəsir). Azərbaycan hakimiyyəti adlandırılan qurumlar o vaxt mərkəzi Moskva hakimiyyətinin bir qolu idi və müstəqil qərarlar qəbul etmək imkanında deyildi. Yalnız o zaman müstəqil qərarlar qəbul edə bilərdilər ki, vəzifədə olan şəxslər artıq Azərbaycan xalqının maraq və mənafelərini ifadə etsin və mərkəzə qarşı çıxmaq iradəsini ortaya qoymağı bacarsın. Təəssüflər olsun ki, o dövrdə Azərbaycan rəhbərliyində istər struktur şəkildə, istərsə də, ayrı-ayrı şəxslər şəklində vaxtında mərkəzə qarşı bu cür mövqelər ortaya qoyulmadı.

– Politoloq Zərdüşt Əlizadə “İkinci respublikanın sonu” kitabında yazıb ki, o, paytaxtın müxtəlif istiqamətlərində barrikada quran AXC qüvvələrinin əsas silahı dəmir parçaları, armaturlar olub. Hətta o qeyd edib ki, AXC üzvləri onlara “Molotov” kokteyli və silah çatdırılması üçün gözlədiklərini bildiriblər. Yəni Zərdüşt Əlizadə məsuliyyət bölgüsündə AXC qüvvələrini də günahlandırır. Sizə elə gəlmirmi ki, bu iddialara hələ də əsaslı cavablar verilməyib?

– Qırğına görə məsuliyyətin AXC üzərinə qoyulması nə tarixi, nə də mahiyyət baxımından doğrudur. İndi istər Sovet ordusu, SSRİ-nin xüsusi xidmət orqanlarının, istərsə də, Sov.İKP-nin Siyasi Bürosunun iclaslarında o vaxt Bakıya qoşun yeridilməsi ilə bağlı müzakirələrin materialları dərc olunub. O vaxt Bakıda planlaşdırılan əməliyyatın məqsədi, təyinatı da məlumdur və bunlar Zərdüşt Əlizadənin gördüm dediyi barrikadalardan əvvəl müəyyənləşdirilib. AXC o vaxt xalqın müqavimət hərəkatına rəhbərlik edirdi. Bunu kimsə inkar də edə bilməz. Xalq ona qarşı, onun azadlığına qarşı yönəlmiş hərəkətlərə müqavimət göstərməlidir. O cümlədən barrikadaların olması o demək deyil ki, onların üstünə tank sürülüb, gülləbaran edilsin. Bu müqavimət olmasaydı, onda gərək biz Azərbaycanı çoxdan Ermənistana təhvil verəydik.

– Məncə, məsuliyyət təsnifatını aparmaq bir az çətindir. Amma təxmin edirəm ki, siz əsasən, Azərbaycan Kommunist Partiyasının o vaxtı birinci katibi Əbdürrəhman Vəzirovu, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovu və onun müavini Artur Rasizadəni nəzərdə tutrsunuz. Çünki müsahiblərinizin birində bu mövzuya ötəri də olsa toxunmusunuz. Etibar Məmmədov da belə bir iddia irəli sürmüşdü ki, SSRİ qoşunlarının Bakıya gəlməsi üçün Artur Rasizadə Moskvaya teleqram vurub. Siz Artur Rasizadə ilə bağlı belə bir rəsmi sənəd əldə edə bilmisinizmi?

– Bu faktdır ki, hadisələrdən hələ xeyli əvvəl Azərbaycan rəhbərliyi proseslərə nəzarət edə bilmədikləri barədə mərkəzə məlumat veriblər və kömək istəyiblər. Bu barədə sənədlər var. Bu da bir faktdır ki, həmin müraciətlərin birinin altında Artur Rasizadənin də imzası var. Məncə, Artur Rasizadə də heç zaman bunu təkzib etməyib. Bildirilir ki, Artur Rasizadənin imzaladığı deyilən sənəddən sonra da ,başqa bir müraciət də olub. Ordu rabitə sistemi vasitəsi ilə Moskvaya göndərilib. Biz hakimiyyətə gəldikdən sonra mənə Azərbaycan Kommunist Partiyası xətti ilə Moskvaya göndərilən məxfi sənədlər təqdim olunmuşdu.

Orda 90-cı ilin yanvarına dair bir sıra nömrəli sənədlərin əsli və ya surəti saxlanmamışdı. Amma bunlar Moskvada saxlanır. Ayaz Mütəllibovun özünün dediyinə görə, belə müraciətlərin birini hazırlanmasını ona Vəzirov tapşırıb. Məsələnin hüquqi tərəfi ondan ibarətdir ki, 17 yanvarda Azərbaycan Ali Sovetinin belə bir qərarı var idi ki, Bakıya qoşun yeridilməsin. Guya, bundan sonra Moskvaya müraciət olunub ki, Bakıya ordu göndərilsin. Guya, Sovet ordusunun burdakı qərargahının xətti ilə belə bir teleqram vurulub. Bəzi şəxslər deyir ki, onlar mərkəzə ünvanladığı bu teleqramı görüblər.

Amma konkret olaraq 20 yanvar ərəfəsində belə bir müraciətin olub-olmaması ilə Bakıya qoşunların yeridilməsinin əslində elə həlledici səbəb-nəticə əlaqəsi də yoxdur. Sov. İKP Siyasi Bürosunun müvafiq iclasının stenoqramlarından görünür ki, bu barədə qərar qəbul edərkən Azərbaycan rəhbərliyinin müraciətlərini əsas götürməyiblər. Ancaq bu əlbəttə həmin müraciətlər olubsa, imzalar olubsa, onu atanları məsuliyyətdən azad etmir

– Özünüzün şəxsən Azərbaycan rəsmi rəhbərliyinin mənsubları ilə görüşləriniz olmuşdumu?

– Mən 20 yanvar ərəfəsindəki görüşlərdə olmamışam. Amma 1989-cu ildə Mərkəzi Komitənin birinci katibi Vəzirov, istərsə də ikinci katibi Viktor Polyaniçko və digərləri ilə AXC İdarə Heyəti üzvlərinin dəfələrlə görüşləri keçirilirdi. Bir sıra görüşlərdə mən də iştirak etmişəm.

– Maraqlıdır, o görüşlərdə Pənah Hüseyn hansı təkliflərlə çıxış edirdi?

– Əsas müzakirə olunan mövzu Qarabağın müdafiəsi üçün zəruri tədbirlərin görülməsi idi. Azərbaycanın suverenliyi, demokratik islahatların aparılması, Xalq Cəbhəsinin fəaliyyətinə şərait yaradılması və s. məsələlər müzakirə edilib. Mən də öz fikirlərimi demişəm. Ancaq belə görüşlər AXC İdarə Heyətinin mövcudluğu dövründə kollektiv razılaşdırılmış mövqe çərçivəsində olub.

– Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri Vaqif Hüseynov “Bir ömürdən də çox” memuar kitabında belə bir qeyd yazıb ki, Əbülfəz Elçibəyin onunla məxfi görüşü olmuşdu və təşəbbüs elə Elçibəyin özündən gəlmişdi. Zərdüşt Əlizadə də qeyd edib ki, 20 yanvar ərəfəsində Əbülfəz Elçibəy Vaqif Hüseynovla görüşüblər. Bu görüş həqiqətənmi Əbülfəz Elçibəy istəyi ilə baş tutmuşdu?

– O vaxt Azərbaycanın birinci vəzifəli şəxsləri və digərləri ilə ölkənin ictimai –siyasi həyatında əhəmiyyətli faktor rolunu oynayan AXC arasında mütəmadi əlaqələr olurdu. Elçibəy AXC- nin sədri kimi onu təmsil etmək səlahiyyətinə malik idi və bir qayda olaraq belə görüşlər barədə AXC İdarə Heyətinə məlumat verilirdi. Vaqif Hüseynovun konkret olaraq hansı görüşdən danışdığını isə bilmirəm.

– Dövlət, hakimiyyət orqanları AXC qüvvələrinə maliyyə və başqa sahələrdə köməkliklər edirdimi? Səhv etmirəmsə, Ayaz Mütəllibov müsahibələrində belə bir açıqlama edib.

– O dövrdə Ayaz Mütəllibov Nazirlər Sovetinin sədri olsa da, onun siyasi məsələlərdə elə də böyük rolu yox idi. Çünki məsələlər əsas etibarı ilə Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən koordinasiya olunurdu. Sadəcə olaraq AXC qeydiyyata alınanda SSRİ-nin 30-cu illərdəki ictimai təşkilatlar haqqındakı bir qanunu əsas götürülmüşdü. Nazirlər Kabineti həmin qeydiyyatı edirdi. O vaxtkı hökumətin başçısı da Ayaz Mütəllibov idi və AXC-nin qeydə alınması sənədində onun imzası var. Ancaq bu formal imza idi. Ayaz Mütəllibov birinci katib, ardınca da prezident olduqdan sonra isə AXC ilə hakimiyyət arasında əlaqələr onunla qurulub. Ancaq istər Ayaz Mütəllibovun, istərsə də digər hakimiyyət mənsublarının AXC-yə maliyyə və başqa səhələrdə köməkliyindən söhbət belə, gedə bilməz, mən onların belə iddiaları ilə rastlaşmamışam da… Bəlkə qərargah ayrılması, qəzet çapına icazə verilməsi kimi şeyləri nəzərdə tuturlar… Bu məsələlər də köməklik, xüsusən şəxsi köməklik xarakterli deyildi.

– 1992-ci ilin may ayında AXC hakimiyyətə gəldi. Bəs niyə sizin iqtidar dövründə 20 Yanvar hadisələrində təqsirkar olanlar məsuliyyətə cəlb edilmədi?

– 20 Yanvara görə siyasi və hüquqi məsuliyyət daşıyan şəxslər, istər təşkilatçılar, istərsə də icraçılar Moskvanın nümayəndələri idi. Bu səbəbdən nə onda, nə də hətta indi onları cinayət məsuliyyətinə cəlb etmək real olmayıb. Bizim hakimiyyət dövründə Respublika Prokurorluğu 20 Yanvar hadisələrinə görə fakt üzrə cinayət işi başlamışdı və bir sıra şəxslər, məsələn Vaqif Hüseynov bu işlə bağlı həbs olunmuşdu. Prokurorluq Rusiya hakimiyyət orqanlarına müraciət edərək, SSRİ rəhbərliyinin işlə bağlı vəzifəlilərin, Bakıya təcavüzü həyata keçirib, icrasında iştirak etmiş digər şəxslərin dindirilməsi məsələsini qaldırmışdı. O cümlədən 20 Yanvar hadisələrinə görə SSRİ Müdafiə Nazirliyində, prokurorluğunda, xüsusi xidmət orqanlarındakı materialların Azərbaycanın istintaq orqanlarına verilməsi tələb edilmişdi.

Lakin bütün bu tələblər Rusiya tərəfindən ya rədd edilir, ya da cavab verilməsi ləngidilirdi. Hər halda AXC hakimiyyəti davam etsəydi, başlanmış təhqiqatın başa çatdırılması və Azərbaycan xalqına qarşı cinayət etmiş şəxslərin real olaraq və ya qiyabi məsuliyyəti haqqında məhkəmə hökmü də meydana gələrdi.

Prezident Elçibəyin bu məsələyə yanaşması ondan ibarət idi ki, Azərbaycan xalqına qarşı törədilən bu cinayətdə birbaşa məsuliyyəti olan heç kəs kənarda qalmasın. Amma 20 Yanvarın müstəqil Azərbaycan dövlətində daxili siyasi mübarizə məqsədilə istifadəsi yolverilməzdir. Bu baxımdan təhqiqat elə şəkildə aparılmalı və Azərbaycandan olan vəzifəli şəxslərə aidliyi elə olmalı idi ki, bu, SSRİ rəhbərliyinin cinayətlərini üstələməsin.

– Ətraflı izah etdiniz. Amma mən məsələni konkret şəxslərin üzərinə yönəltmək istəyirəm. Əbdürrəhman Vəzirov, Vaqif Hüseynov, Ayaz Mütəllibov: Sizcə, 20 Yanvar faciəsinə görə bu adlarını sadaladıqlarımın içərisində hansı ən çox məsuliyyət daşıyır?

– Mən yuxarıda bu məsələyə münasibəti ifadə etdim. Təkrar edirəm, məsələnin sizin sualınızda qoyulan şəklini yanlış hesab edirəm. Məsuliyyəti birinci olaraq Qorbaçov başda olmaqla Moskva siyasi və hərbi rəhbərliyi daşıyır. Bundan sonra yerli hakimiyyət orqanları rəhbərləri və cinayətdə icra ilə bağlı əmrləri, hərəkətləri ilə iştirak etmiş şəxslər məsuliyyət daşıyır. O zaman Mütəllibov Nazirlər Sovetinin sədri idi, Vəzirov birinci katib, Vaqif Hüseynov isə DTK-nın başında dururdu. Bunların hamısı deyir ki, Azərbaycan rəhbərliyi bir neçə gün öncədən proseslərdən kənarlaşdırılmışdı. Lakin, məsələn, Ayaz Mütəllibov və Vaqif Hüseynov 20 yanvarda törədilən cinayətin ört-basdır olunması üçün əllərindən gələni etdilər. Bu adamlar bu günə qədər də bir çox məsələlər barədə susurlar. Bu da ayrıca məsuliyyət məsələsidir.

– Pənah bəy, bəs 20 Yanvar faciəsindən sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Ayaz Mütəllibovla görüşləriniz olmuşdumu?

– Ayaz Mütəllibov artıq birinci katib oldu, sonra isə prezident. Əlbəttə ki, ölkədəki siyasi proseslərin digər qütbündə AXC dayanırdı. 1990-cı ilin may ayından başlayaraq Mütəllibov və AXC rəhbərliyi arasında görüşlər olub. Ziyalıların vasitəçiliyi ilə baş tutan birinci görüşdə Əbülfəz Elçibəy, İsa Qəmbər, Yusif Səmədoğlu iştirak edib. Mənim 1991-ci ildəki bəzi görüşlərdə iştirakım olub. Ayrıca görüşüm olmayıb.

– Bu müzakirələr zamanı hər hansı bir mübahisə düşürdümü?

– Müşahidə etməmişəm.

– 20 Yanvar ərəfəsində AXC rəhbərliyi Moskvada olan Heydər Əliyevlə necə, əlaqəyə girmişdimi?

– Hər hansı təklif, cəhd, bu istiqamətdə hansısa hərəkət haqqında heç bir məlumatım yoxdur. Şayiələrə rəğmən, məncə belə əlaqələr ümumiyyətlə olmayıb.

– Müsahibələrinizin birində demisiniz ki, siz ayın 19-dan 20-nə keçən gecə AXC-nin qərargahında olmusunuz və sonra gecə vaxtı şəhərə çıxmısınız. Heç SSRİ ordusunun gülləsinin sizə dəymək təhlükəsi ilə üzləşmişdinizmi?

– O vaxt şəhərdə olan hər kəs bu təhlükə ilə üz- üzə idi. Ancaq mən gülləyə tuş gəlməmişəm, yaralanmamışam. Saat təxminən 1-in yarısında AXC qərargahı atəşə tutulub və bir neçə nəfər yaralanıb. Gecə saat təxminən 1-2 radələrində Salyan kazarması yanındakı barrikadalara gedib-gəlmişəm və bu istiqamətdə digər yerlərdə olmuşam..

– Ən çox səslənən ittihamlardan biri budur ki, xalqı küçələrə səsləyən AXC liderləri 20 Yanvar gecəsində özləri hərəsi qaçıb bir yerdə gizləndi…

– Tamamilə yanlışdır. Mən, İdarə Heyəti üzvlərindən Vurğun Əyyub və Sabit Bağırov Qərargahda məsul şəxslər kimi qalmışıq. AXC qərargahında qalmağımız İdarə Heyətinin qərarı ilə olub. Həmin qərarla da digər üzvlər isə başqa ünvanlara gedib. Dediyim kimi çağrışlarla gecə boyu qoşunla təmas saxlanan müxtəlif yerlərdə də olmuşuq. Qəragahdan vəziyətlə bağlı AXC Bakı və digər şəhər və rayonlarındakı təşkilatları ilə əlaqə saxlanılıb və vəziyyətlə bağlı hərəkətlər mümkün qədər koordinasiya edilib. Ümumrespulika tətilinin başlanması, Kommunist Partiyasının boykotu, yerlərdə fasiləsiz mitinqlərin başlanması barədə qərarlar, xaricdən gələn zənglərə cavab olaraq informasiyalar verilib.

– Azərbaycan rəhbərliyindən AXC qərargahı ilə əlaqə saxlayan olubmu?

– Təxminən gecə 2 radələrində Viktor Polyaniçko Qərargaha zəng edib.

– Maraqlıdır… Nə dedi?

– “Dəhşətli hadisələr baş verir” dedi. “Adamları küçələrdən çəkmək lazımdır..”. Təxminən bu məzmunda.

– Cavabınız nə oldu?

– Cavabı desəm etik olmaz…

– Pənah bəy, xahiş edirəm, bu sualımı ittiham kimi yox, bəzi düyünləri çözmək üçün verilən sual kimi dəyərləndirin. Bəs niyə o qanlı gecədə AXC liderlərindən kimsə küçədə olan xalqa başçılıq etmədi?

– Rəhmətlik Nəcəf Nəcəfov həmin gecə küçələrdən qərargaha gəlmişdi. Xatırlayıram ki, əynində plaşı da yox idi. Konkret olaraq hərə öz imkanı və verilən tapşırıq əsasında öz funksiyasını yerinə yetirirdi. Xalqın içərəsində dedikdə, bütün AXC üzvləri xalqın içində idi.. Daha dəqiq desək, 20 yanvar xalq və AXC-nin iç-içə olduğu anlar idi..

– Güman edək ki, haqq-ədalət öz yerini tapacaq və bütün təqsirkarlar hüquqi müstəvidə olmasa da, mənəvi olaraq öz cəzasına çatacaq.

İnterpress.az