Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.
DSX-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 16 yanvar 2016-cı il tarixdə saat 01:00 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində nəzarətedici vasitələrə baxış keçirən sərhəd naryadı tərəfindən nəzarət iz zolağında sərhəd pozucularına məxsus iz aşkar edilib.
Horadiz sərhəd dəstəsinin və sərhəd zastavasının ehtiyyat qüvvələri tərəfindən həyata keçirilən sərhəd axtarışı tədbirləri nəticəsində Füzuli rayon sakinləri Səyyad Müzəffər oğlu Əsədov və Vilayət Ziyad oğlu Məhərrəmov saxlanılıblar. Onların üzərində külli miqdarda narkotik maddə olan 2 kq həşiş, 1 kq 140 qram marixuana, 25 qram heroin və 30 qram tiryək aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Füzuli rayon sakinləri Elvin Allahverdi oğlu Məmmədov, Eloğlan Seyfi oğlu Əhmədov və Murad Akif oğlu Abdullayev müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təkcə ötən ilin dekabr ayı ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dekabr ayının 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədində gizlədilmiş 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək, 30 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Dekabrın 18-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Cəlilabad rayon sakini Əliyev Cavid Zikrəli oğlu 1 kiloqram tiryək və 1,3 kiloqram heroini Azərbaycan Respublikasına gətirmək istəyərkən yaxalanıb.
İnterpress.az