Bu sözləri deputat Elmira Axundova Milli Məclisin bugünkü iclasında deyib.
O qeyd edib ki, banklar Mərkəzi Bankın müəyyənləşdirdiyi valyuta kursuna riayət etmirlər.
“Bir az pulum vardı, dollara çevirmək istəyirdim. Beynəlxalq Banka müraciət etdim, dedilər ki, dollar yoxdur. Amma “qara bazar”da var və bundan bir neçə insan küllü miqdarda qazandı. “Qara bazar” dağılmalıdır. Banklar bağlanır. “Bank of Azərbaijan” bağlandı, indi oradakı əmanətlərin aqibəti necə olacaq?
Camaatı bu məsələ düşündürür. Bizim seçicilərimiz növbədənkənar sessiyanın keçirildiyini bilib, nə qədər zəng vurublar. Soruşurlar ki, dollarla olan kreditlərlə bağlı nə qərar veriləcək? Rusiyada devalvasiya olanda Konstitusiya Məhkəməsi əhaliyə dayaq durdu. Heç olmasa əhaliyə dayaq dursunlar və insanlar sakitləşsinlər. Yaxşı olar ki, 10 mindən çox olmayan kreditlər 21 fevral devalvasiyasına qədərki məzənnə ilə ödənilsin”.
E.Axundova qeyd edib ki, antiböhran proqramının hazırlanmasını zəruri edən amillərdən biri də vahid konsepsiyanın olmasıdır. O, yerlərdəki əngəllərdən danışıb.
“Cənab prezident deyir ki, sahibkarlar suni əngəllərdən azad olmalıdır. Amma yenə də yerlərdə vergi orqanlarından başqa, digər qurumlar da lüzumsuz yoxlamalar keçirirlər. Belə hallara son qoymalıdır.
Bu, prezidentin qərarlarına hörmətsizlikdir. Gömrük rüsumlarının qaldırılması ilə bağlı sözlər gəzir. Bu ilin əvvəlində Nazirlər Kabinetinin xaricdən gələn qəzet və jurnallara 18 faiz ƏDV tətbiqi ilə bağlı qərarı oldu. Başa düşürəm, büdcəni doldurmaq lazımdır. Məgər 90-ci illərdə vəziyyət bundan ağır deyildi? İki dəfə bu qərar ləğv edilmişdi. Yaxşı olardı ki, bu məsələyə yenidən qayıdılsın”.
Spiker Otay Əsədov deputatın çıxışına münasibət bildirərək deyib ki, Rusiyada bu qərar ilyarım əvvəl verilib və ondan sonra bir qəpik də ödənilməyib.
“Dediyim kimi bu məslələr yavaş-yavaş həllini tapmalıdır. Birdən-birə bunlara gedilə bilməz”.(modern)
İnterpress.az