İkiotaqlı mənzilinə istiliyin verilmədiyini deyən Əsgərəli Əliyev deyir ki, onlar bu qış, demək olar ki, evlərində qızına bilməyiblər:
\”Bizim mənzillərə dekabr ayında 3-4 günü çıxmaq şərtilə, demək olar ki, ümumiyyətlə istilik verilməyib. Deyirlər ki, blokda bəzi abonentlərin borcu var, ona görə də istilik verilmir. Hətta bizdən də pulu götürmürlər ki, birdən sizdən alarıq, digərləri verməzlər, onda yenə də istiliyi verə bilməyəcəyik. Beləcə bizi bu qarlı, çovğunlu günlərdə soyuqla sınağa çəkirlər. Sakinləri narazı salır, soyuqdan ölməyə məhkum edirlər. Yasamal rayonundakı İstilik Sistemlərinin İstismar Sahəsinin rəisi Rahil müəllimə dəfələrlə müraciət olunsa da, heç bir tədbir görülmür. Axı borcu olana görə biz niyə soyuqdan donmalıyıq? Xahiş edirik, soyuqdan donuruq, bizi xilas edin\”.
Məsələ ilə bağlı \”Azəristiliktəchizat\” ASC-yə sorğu ünvanladıq. Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Milli.Az-a bildirdi ki, məsələ araşdırılıb tədbir görüləcək. Xidmət rəisi bu addımın borclu abonentlərə təzyiq məqsədilə atıldığını da istisna etməyib:
\”İstiliyin verilməsi sxemi belədir ki, istilik xətti bir otaq tərəfdən yuxarı mərtəbələrdən qalxır. Ortada bir mənzil istilik haqqını verib, digərlərində böyük borc yaranırsa, onda çətin vəziyyət alınır. Özünüz gördünüz ki, mövsüm başlayanda borca görə bizim qazla bağlı nə qədər problemimiz yarandı. Buna görə istiliyin verilməsi xeyli gecikdi. Bizim də abonentlərə başqa təzyiq mexanizmimiz yoxdur. Amma ola bilməz ki, bütün bloka təkcə borca görə istilik verilməsin. Ola bilər ki, orada başqa məsələlər də var. Buna baxmayaraq, məsələ tez bir zamanda araşdırılacaq və müvafiq tədbir görüləcək. Hər halda abonentlərdən xahiş edirik ki, istifadə etdiyi istilik enerjisinin haqqını vaxtında ödəsinlər ki, belə problemlərlə üz-üzə qalmasınlar\”.
Xidmət rəisi onu da əlavə edib ki, hazırda bəzi qaz və işıq problemləri olan yerlərdə istisna olmaqla qazanxanalarda vəziyyət normaldır. Ümumilikdə heç bir qazanxanada iş dayanmayıb, sosial obyektlər, yaşayış binaları istiliklə təchiz olunur.

