Ağa Nemətulla, 45 ünvanında 2005-ci il martından fəaliyyət göstərən “Avis” apteki bağlıdır. Musavat.com-a daxil olan məlumata görə, əsas əməliyyat məhz həmin şöbədə keçirilib.
2012-ci il aprel ayından Əhmədli qəsəbəsində fəaliyyətə başlayan “Avis” apteki isə açıqdır. Aptek işçisi Musavat.com-un reportyoruna bildirib ki, apteklərdə əməliyyat keçirilməsindən xəbərsizdirlər.
\”Report\”un əldə etdiyi məlumata görə, Bakıda geniş aptek şəbəkəsinə malik olan \”Avis\” Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub. “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən “Avis” apteklərində əməliyyat keçirilməsi barədə ilk xəbəri Musavat.com yayıb. Məlumata görə, əməliyyat bütün aptekləri əhatə edib. Əməliyyat zamanı saxlanılanlar olub, bir neçə aptek nümayəndəsi isə ifadəsinin alınmması üçün aparılıb.
İlkin məlumata görə, əməliyyatın keçirilməsinə bu apteklərdə satılan dərman vasitələrinin keyfiyyəti ilə bağlı kütləvi şikayətlər səbəb olub. “Avis” apteklərindən alınan dərmanlardan ziyan çəkənlərin olduğu bildirilir.
“Avis” tibbi marketinin Türkiyə vətəndaşı olan baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumatlar var.
Qeyd edək ki, Avis Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Həmin ilin yanvarında şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki fəaliyyətə başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 10 aptek açıb. 2006-cı il mart ayından Azərbaycanda ilk “Tibbi Market” konseptli xidmət göstərilməsinə başlanılıb. Bütün şöbələr Avis Tibbi Marketlər kimi adlandırılıb.
İnterpress.az