Bakıda bədbəxt hadisə baş verib. Kişi şəxsi avtomobilində dəm qazından boğularaq ölüb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. Gürcüstan vətəndaşı olan qəsəbə sakini 1966-cı il təvəllüdlü Nurəddin Rüstəm oğlu Şahmuradovun meyiti yaşadığı evin həyətindəki qarajda maşının içərisində tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Aparılan araşdırmalar nəticəsində 50 yaşlı kişinin dəm qazından boğularaq öldüyü məlum olub.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Paytaxtda sonuncu belə hadisə bir neçə ay əvvəl Nərimanov rayonunda qeydə alınıb. Avtomobildə biri ölü, digəri huşsuz vəziyyətdə iki gənc tapılıb. Hadisə rayonun Oqtay Şamilzadə küçəsində avtomobil qarajlarının birində qeydə alınıb.
Mühərriki işlək vəziyyətdə olan \”Lexus\” markalı avtomobildə 1993-cü il təvəllüdlü Yusif Tofiq oğlu Yusiflinin meyiti tapılıb. Avtomobilin arxa oturacağında isə 1996-cı il təvəllüdlü Röyanə adlı qız huşsuz vəziyyətdə aşkarlanıb.
Ərazidəki insanların köməyi ilə gənc qız dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Xəstəxanadan bildirmişdilər ki, işlək vəziyyətdə olan maşının mühərrikindən dəm qazı yayılmağa başlayıb. Nəticədə nəqliyyat vasitəsində uzun müddət qalan Yusif zəhərlənərək dünyasını dəyişib.(ans)
İnterpress.az