Ekspertlər bunu iki mümkün səbəblə izah edirlər – ya Kreml qəsdən növbəti belə təhlükəli “insident” hazırlayır, yəni təxribatı davam etdirmək, Türkiyə və NATO-nun əsəblərini yoxlamaq məqsədi güdür, ya da gündəmi müharibə mövzusu ilə dəyişməklə ölkə ictimai rəyini son vaxtlar ağırlaşan iqtisadi durumdan yayındıracağını hədəfləyib.
Bütün hallarda Ankara gözlənildiyi kimi, olaya adekvat və çox sərt reaksiya verib: Rusiya səfiri XİN-ə çağırılıb, silahlı qüvvələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib, Hərbi Hava Qüvvələrinə siyasi qərarı gözləmədən dərhal növbəti sərhəd pozucularını məhv eləmək göstərişi verilib.
24 noyabr insidentinə görə revanş istəyi ilə alışıb-yanan və Suriyadakı planları dalana girən Kremlin müəmmalı davranışını da bura əlavə eləsək, baş verənlər potensial Rusiya-Türkiyə, deməli, həm də Rusiya-NATO müharibə risklərini artırır. Təsadüfi deyil ki, bu arada vəziyyətin dramatikliyini nəzərə alan NATO 3PK “Patriot” raket sistemlərini təzədən Türkiyəyə qaytarmaq qərarı verib. Bundan əlavə, Alyans yerli HHM sistemini dəstəkləmək üçün öz təyyarələrini Türkiyəyə göndərməyi planlaşdırır.
Bundan əvvəl NATO “Patriot”ları təkrar Türkiyə ərazisində yerləşdirməyi istisna eləməmişdi. Xatırladaq ki, bu sistemlər 2012-ci ildə Suriya tərəfdən Türkiyə ərazisinin atəşə məruz qalmasını önləmək üçün Ankaranın xahişi ilə yerləşdirilmişdi. Lakin keçən il onlar Türkiyədən çıxarılıb.
Bundan az sonra 24 noyabr olayı baş verib – rus hərbi təyyarəsi vurulub. Rusiya isə buna cavab olaraq, Suriyada – Türkiyə sərhədinə yaxın ərazidə S-400 sistemlərini yerləşdirib, rus döyüş təyyarələrini isə havada “hava-hava” tipli raketlərlə silahlanmış qırıcılar müşayiət edir.
İnterpress.az