Bir vaxtlar qəsəbə sakinləri paklanmaq üçün bu hamama üz tutardılar. Ancaq hazırda bu tarixi abidənin qayğıya ehtiyacı var. XVII əsrə aid olan tikili 1998-ci ilə kimi istifadədə olub. Hamamın fəaliyyətinin dayandırılmasının isə bir çox səbəbləri var. Bunlardan biri sakinlərin tədricən şəhərə axın etməsidirsə, digər səbəb yanacaqla bağlıdır. Belə ki, istilik sistemi olmayan hamamı qızdırmaq maddi baxımdan sərfəli deyildi.
Hazırda bu abidə baxımsız vəziyyətdədir. Divarlarda yaranan çatlar tikilinin hər an çökə biləcəyinə işarədir. Qəzalı vəziyyətdə olan hamamın bərpaya ehtiyacı var. Təhlükəli olduğuna görə bura gələn turistlər binaya girməkdən ehtiyat edirlər. 2010-cu ildə hamamın bərpası üçün smeta layihəsi tərtib olunmuş və bunun icrası üçün 100 min manat maliyyə vəsaiti ayrılacağı nəzərdə tutulmuşdu. Ancaq bu istiqamətdə indiyədək addım atılmayıb. Artıq abidənin bərpası və yenidən istifadəyə verilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunub.
Ümüd edirik ki, Basqal tarixininin müəyyən səhifəsini özündə yaşadan bu hamam tarixin arxivinə qovuşmayacaq.
Qeyd edək ki, hamam tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
İnterpress.az