Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.
DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, 29 yanvar 2016-cı il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli “Dubay-Bakı” aviareysi ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn və İrfan Məhəmməd pasportlarında saxta Türkiyə Respublikası vizası və üzərlərində yapışdırılmamış saxta Avstraliya vizası aşkar olunaraq saxlanılıblar.
Həmin gün 334 nömrəli “İstanbul-Bakı” aviareysi ilə Azərbaycana gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycan Respublikasına məxsus saxta elektron viza olduğu üçün saxlanılıb.
Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qaytarılıblar.
İnterpress.az