Bu il daha Bakıya 2 ikimərtəbəli qatar gətiriləcəkbackend

Bu il daha Bakıya 2 ikimərtəbəli qatar gətiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalında aparılan yenidənqurma işləri bu il başa çatacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün vağzalda yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Son bir ilin ən uğurlu işlərindən biri Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilməsi olub. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda təmir işləri sürətlə davam edir.

\”Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Bir il əvvəl Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni era başlayıb\”.

N.Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bu il bağlantının istismara verilməsi gözlənilir.

Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər \”Şimal-Cənub\” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib.

Bu il daha Bakıya 2 ikimərtəbəli qatar gətiriləcək

Son bir ildə aparılan işlərdən danışan N.Əzməmmdov qeyd edib ki, 3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib, sentyabrın 2-də işlər başa çatdırılıb. Layihə çərçivəsində Bakı sərnişin, Keşlə, Xırdalan, Sumqayıt sərnişin stansiyalarının stansiya yolları və yoldəyişənləri yenilənib. Bakı-sərnişin və Sumqayıt-sərnişin stansiyalarında turnıketlər və pos-terminallar quraşdırılıb.

Bundan başqa 13 may 2015-ci ildə Bakıda “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanıb. Elektrik qatarının üçü Bakı sərnişin stansiyasına gətirilib. Daha iki qatar da ölkəmizə gətiriləcək.

Bundan başqa yaxın bir ayda Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması dair müqaviləyə əsasən 70 vaqonun gətirilməsi nəzərdə tutulur.

\”Bu il yanvarın 15-də Ukraynanın İliçevsk limanından yola düşən sınaq xarakterli konteyner qatarı Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edərək fevralın 2-də Cinə çatıb. Onu da qeyd edək ki, sınaq qatarı Azərbaycan ərazisindən, heç bir ləngiməyə yol verilmədən, 17 saat ərzində yola salınıb\”.

Son bir il ərzində dəmir yollarının əsaslı təmiri də diqqət mərkəzində olmuşdur. 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır. Bu sazişə əsasən, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilmişdir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb. Bu günə kimi 48 km dəmir yolu əsaslı təmir olunub.

İnterpress.az