Sabirabadda məcburi köçkünlər yeni qəsəbəyə köçürüldübackend

Sabirabadda məcburi köçkünlər yeni qəsəbəyə köçürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a “Dövlətqaçqınkom”dan bildirlib. Qeyd edilib ki, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə həmin Dövlət Proqramına Əlavələr təsdiq edilib.
Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilmiş Əlavələr və digər normativ aktlar uğurla icra edilib və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir.

“Ümumilikdə bu günə kimi 94 müasir yaşayış kompleksi salınıb, 49 min ailə və ya 243 min nəfər məcburi köçkün mənzillə təmin olunub. 2015-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 840 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azalıb”,-deyə “Dövlətqaçqınkom”dan bildirilib.

Sabirabad rayonu ərazisində fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 440 ailəlik yeni salınmış yaşayış qəsəbəsində işlər tam başa çatdırılıb və məcburi köçkünlərin həmin qəsəbəyə köçürülməsinə başlanılıb.

Qəsəbə Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.2-ci bəndinin icrası ilə əlaqədar olaraq tikilib.

Qəsəbənin ümumi ərazisi 30 hektardır. Qəsəbənin ərazisində müasir standartlara tam cavab verən 370 yerlik məktəb binası, inzibati bina, tib məntəqəsi, klub-icma mərkəzi və poçt binası da tikilib.

Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları və idman zalı bütün zəruri inventar və avadanlıqla təchiz olunub.

Yeni yaşayış məhəlləsinə köçürülən məcburi köçkünlər yaradılan bu cür şəraitə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

İnterpress.az