“Kənd təsərrüfatına ayrılan vəsaitlər yerli məmurlar tərəfindən mənimsənilib”backend

“Kənd təsərrüfatına ayrılan vəsaitlər yerli məmurlar tərəfindən mənimsənilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Müsavat” qəzetinin reportyorları bir neçə gün əvvəl Qazax rayonunda ezamiyyətdə olub. Əməkdaşlarımız rayonun sosial problemləri ilə bağlı reportajlar hazırlayıb, yerli sakinlərin problemlərini işıqlandırıb. Əməkdaşlarımız həmçinin Müsavat Partiyasının Qazax rayon təşkilatının sədri İlqar Mustafayevlə görüşüb, onunla ölkədə manatın devalvasiyasından sonra yaranan iqtisadi vəziyyət, rayon camaatının qarşılaşdıqları problemlər və müxalifət partiyalarının fəaliyyəti haqda danışıblar. Söhbətdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Qazax rayon təşkilatının sədri Məqsəd Mirzəyev də iştirak edib…

Söhbətin əvvəlində İ.Mustafayev partiyanın rayondakı fəaliyyəti haqda danışarkən bunları deyib: “Biz Müsavat Partiyası olaraq ölkədə baş verən bütün siyasi proseslərdə fəal iştirak etmişik. Parlament seçkilərində, prezident seçkilərində, bələdiyyə seçkilərində layiqincə təmsil olunmuşuq. Seçki kampaniyalarında partiyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün əlimizdən gələnləri etmişik. Mübarizəmizi həmişə davam etdirmişik”.

Məqsəd Mirzəyev Müsavat Partiyası ilə KXCP-nin Qazaxdakı birgə fəaliyyətinə diqqət çəkərək qeyd edib ki, hər iki partiyanın rayondakı şöbələri arasında heç vaxt narazılıq və ayrı-seçkilik olmayıb: “Bütün fəaliyyətimiz, mübarizəmiz bir yerdə olub. İndi də rayonda hər iki partiyanın üzvləri arasında normal münasibətlər var. Bir-birimizi həm dost, həm də müxalif düşərgənin üzvləri kimi dəstəkləyirik”.

KXCP və Müsavatın Qazaxdakı əlaqələrindən danışan İ.Mustafayev bildirdi ki, müxalifət partiyaları olaraq həmişə birgə fəaliyyət göstəriblər: “Biz hakimiyyətə qarşı birlikdə mübarizə aparmışıq. Düzdü, deyə bilmərik ki, öhdəmizə düşən işləri yüz faiz yerinə yetirmişik, amma bunun üçün çalışmışıq. Elə problemlərimiz var ki, biz onları həll edə bilmirik. Bu da bizdən asılı olmayan səbəblərdir. Hakimiyyətin yürütdüyü bu siyasət, təzyiqlər insanları qorxudur, onlar işdən azad olunacaqları ilə hədələnirlər, təqiblərlə üzləşirlər. Təbii ki, bütün bunlar indiyə qədər bizə bir çox problemlər yaradır”.
Müsavat Partiyasının Qazax rayon təşkilatının sədri söhbəti zamanı ölkədəki iqtisadi vəziyyətin ağırlaşması ilə rayonlarda olan problemlərin daha da qabarıq şəkildə ortaya çıxdığını bildirdi. Onun sözlərinə görə, işsizlik, yaranan sosial problemlər rayon sakinlərinin ciddi narazılığına səbəb olub: “Son zamanlar ölkədə olduğu kimi rayonumuzda da devalvasiyadan sonra çətin vəziyyət yaranıb. Banklara olan borclar əhalini daha çətin vəziyyətə salıb. Biz xalqla birlikdəyik. Çalışırıq ki, bu vəziyyətdən çıxmaq üçün xalqı səfərbər edək, bir araya toparlayaq. Artıq rayon camaatında hakimiyyətə qarşı inam itib. Gənclərimiz hamısı işsizdir. Sosial problemlərin həlli ilə bağlı heç bir iş görülmür. Rayonlarda görülən işlər dövlət büdcəsindən ayrılan vəsaitləri talamaqdır. İş yerləri yoxdur. İnsanlar başqa ölkələrə, paytaxta getməyə məcbur olurlar”.

– İlqar bəy, ölkədə iqtisadi vəziyyət ağırlaşdığı halda insanlar müxalifətin fəallaşacağını gözləyirdi. Lakin heç bir müxalifət partiyası aksiya keçirmədi. Necə düşünürsünüz, bu müxalifətə olan inamı azaltmırmı?

– Bu vəziyyət müxalifətə olan inamı heç vaxt azalda bilməz. Ona görə ki, xalqı bu günə salan müxalifət deyil. Bunun günahkarı hakimiyyətdir. İnsanların özləri də bilir ki, müxalifətə dəstəkləri az olub. Lazım olan dəstəyi zamanında verməyiblər. Əgər dəstək verilsəydi, bu hala düşməzdilər. Ona görə də camaat müxalifətdən yox, hakimiyyətdən narazı olmalıdır. İkinci bir tərəfdən, müxalifət partiyaları olaraq biz Qazax rayonunda birgə fəaliyyət göstəririk. Bu fəaliyyət nəticəsində biz xalqın yanındayıq. Qazax rayonunda narazılıqlar çox ciddidir. Vaxtı çatanda onlar da öz etirazlarını bildirəcəklər. Bu günə qədər yaranmış vəziyyətə etiraz edən bir neçə nəfər saxlanılıb, onlara xəbərdarlıq edilib. İnsanları şantaj edirlər. Hakimiyyət xalqı bu vəziyyətə salıb. Neftin pullarını saxtakarlıq etmək üçün küçələrə tökdülər. İndi də pul yoxdur.

Pul qurtarandan sonra ağıllarına kənd təsərrüfatı düşüb. Rayonda indiyə qədər kənd təsərrüfatı ilə bağlı heç bir iş görülməyib. Camaatı susuz, yardımsız qoyublar. Kənd təsərrüfatına ayrılan vəsaitlər yerli məmurlar tərəfindən mənimsənilib. Kəndçinin torpağını da mənimsəyiblər. Rayonda oğlu əsgər gedən torpağını satdı ki, övladını cəbhə bölgəsinə göndərməsin. Xəstəsi olan torpağını satdı, krediti olan torpağını satıb borcunu verdi. Həmin torpaqlar məmurlar tərəfindən ucuz qiymətə alınıb. Deyə bilərəm ki, bütün bu narazılıqlardan sonra Qazax rayonu normal şəkildə fəaliyyət göstərən müxalif partiyanı dəstəkləyər.

– Hər ikiniz qeyd etdiniz ki, müxalifət partiyaları olaraq birlikdə fəaliyyət göstərirsiniz. Ancaq Bakıda bir neçə müxalifət partiyasının iştirakı ilə toplantı keçirildi. KXCP və bir sıra partiyalar həmin toplantıda iştirak etsə də Müsavat Partiyası həmin görüşə qatılmadı. Qazax rayonunda birgə fəaliyyətdən danışsanız da, paytaxtda birgə fəaliyyət heç də nəzərə çarpmır. Sizcə, bunu cəmiyyət necə qəbul etməlidir?

M.Mirzəyev:

– Biz yuxarının – mərkəzin qərarı ilə hesablaşmırıq. Biz burada müxalifət partiyaları kimi bir-birimizi müdafiə etməliyik. O, Bakının problemidir. Biz burada bir-birimizə etibar edirik, güvənirik. Nə olsun ki, Müsavat Partiyası həmin görüşdə iştirak etməyib? Onlara baxmayaraq biz yenə də mehribançılığımızı, birgə fəaliyyətimizi davam etdirəcəyik. Bizim rəqibimiz hakimiyyətdir. Buna görə də birlikdə fəaliyyət göstərməliyik.

İ.Mustafayev:

– Mən inanıram ki, zaman yetişəndə bütün müxalifət partiyaları birləşəcək. Biz burada birgə fəaliyyət göstəririk. Öz nümunəmizlə, öz xəttimizlə fəaliyyətimizi davam etdiririk. Bilirik ki, son anda, əsas məqamda hamı birləşəcək. Bunun başqa yolu yoxdur. Mən hesab edirəm ki, müxalifətin birliyinin nəticəsində bu hakimiyyət gedəcək.

– Bölgələrdə işsizlik, sosial problemlərlə bağlı aksiyalar keçirildi. Digər rayonlarda da aksiyaların baş verməməsi üçün hakimiyyət tərəfindən bir çox addımlar atıldı. Müxalifət partiyalarının üzvləri polisə çağırıldı, onlara xəbərdarlıq edildi. Aksiyalar keçirilən ərəfədə sizə də polis tərəfindən xəbərdarlıq edildimi?

İ.Mustafayev:

– Bizi polisə çağırmadılar. Ancaq başqalarından bizi soruşdurublar. Fəaliyyətimizi izləyirlər. Məlumatımız var ki, bizim haqqımızda danışırlar. Bütün rayonlarda olduğu kimi, burada da müxalifət partiyalarının üzvləri nəzarətdə saxlanılır, fəaliyyətləri izlənilir. Lənkəranda, Siyəzəndə bilirik ki, müxalif partiyaların nümayəndələrini həbs ediblər. Bu, hakimiyyətin insanları qorxutmaq üçün atdığı addımdır. Ancaq indiki şəraitdə hakimiyyətin bu siyasəti tam iflasa uğrayıb. İndi insanlar başa düşür ki, hakimiyyətin siyasəti yanlış olub. İndi hər kəs birlikdə fəaliyyət göstərməlidir. Hakimiyyətə qarşı xalqla birlikdə mübarizə aparmalıyıq.

M.Mirzəyev:

– Bir neçə gün əvvəl KXCP Ağstafa rayon təşkilatının sədri Ülvi Dağkəsəmənli polis şöbəsinə çağırılaraq dindirilib. Bizə polis tərəfindən birbaşa çağırış olmasa da haqqımızda araşdırmalar apararaq başqa insanlardan sorğu-sual ediblər.