0,5 litrlik araqlar 2,5 manata necə satıla bilir?! – Azərbaycan müəmmasıbackend

0,5 litrlik araqlar 2,5 manata necə satıla bilir?! – Azərbaycan müəmması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Manatın devalvasiyası ölkəmizin iqtisadi qüdrətini bir neçə günün içində alt-üst edəndə ağlıma ilk növbədə Kənd Təsərrüfatı naziri Heydər Əsədov gəldi, nə qədər rəzil gündə olduğumuzu anladım. Təəssüf,Heydər Əsədov kənd təsərüffatı məsulları ilə bərabər ölkədə spirtli içkilərin istehsalı, lisenziyalaşdırılması sahəsindəki məsələləri də tənzimləyə bilməyib. İndi daxili məhsulların alınmasına çagırışların artdıgı bir vaxtda,ölkə Prezidenti İlham Əliyevin xalqımıza,məmurlara istehsalımız olan məhsulları məsləhət bildiyi bir zamanda, götürək, ölkənin ikinci böyük iqtisadi regionu sayılan Gəncə-Qazax iqtisadi regionuna aid olan rayonlar – Şəmkir, Tovuz, Qazax, Ağstafa, Samuxda satışa çıxarılan araqların tərkibinə və keyfiyyətinə dair vəziyyəti. Bu bölgədə qiyməti bir az əvvəl 2 manat, sonra 2.5 manata satılan kifayət qədər saxta tərkibli araqlar var. Əgər bu araqların tərkibi kimyəvi spirt deyilsə, maya dəyəri ,qablaşdırılması, daşınması və s. xərclər daxil satış qiyməti necə 2 manat və ya 2.5 manat ola bilir?! Heç şübhə yeri qalmır ki, mənşəyi məlum olmayan bu araqlar texniki spirtdən və ya dmidiroldan düzəldilməsin. Orqanizm üçün təhlükəli spirtdən və yuxugətirici dmidiroldan hazırlanmış belə araqlar mağazalarda, kənd dükanlarında satılır, şadlıq evlərində istifadə olunursa, demək lisenziyası yoxdu, vergi və DSMF-dən yayınır, həm də normal araqların satılmasına mane olur, bu da yolverilməzdir. Mümkünsüzdür ki, orqanizmdə qaraciyərin serrozu, mədə-bağırsaq, böyrək xəstəlikləri, sinir sistemi, zehin pozğunluğu və s. təhlükəli fəsadlara yol açan belə spirtli içkilərin arxasında qruplar, işbazlar dayanmasın. Bu varsa, Heydər Əsədov bazarı tənzimləmək üçün belə şəxsləri ifşa edib, nədən çağırışlar etmir? Belə yarasız, təhlükəli araqları istehsal edən sexlər,” mini zavodlar” həm rəqabət haqqında qanunu pozur, həm də gəlirlərini dövlətdən gizlədərək vergidən yayınır. Nədən, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri belə işbazlarla mübarizə aparmaq istəmir, əksinə loyal münasibət göstərməklə qanunsuz fəaliyyətə yaşıl işıq yandırırlar. Bir neçə il bundan qabaq Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamalarda normal istehsal olunan ən ucuz araqların qiymətinin 5-5.40 manat dəyərində olması bildirilmişdi.

Nədən, axı ,qonşu Gürcüstan Respublikasında rəqabətə davamlı spirtli içkilər istehsal edilə bilir, 8 il bundan qabaq qeyri-neft sektoruna diqqət və qayğının artırılmasının prioritet istiqamət kimi götürüldüyü Azərbaycan Respublikasında keyfiyyətsiz araqlar insanları zəhərləyir? Aşkar görünür, bu sahədə özbaşınalıq, korrupsiya baş alıb gedir. Günah əlbəttə ki, belə saxta spirtli içkiləri istehsal edən “sahibkarlar”la bərabər, həm də onların fəaliyyətinə “icazə verən” orqanların səlahiyyətli şəxslərindədir. Ayrı-ayrı vətəndaşlar, KİV-lər, qeyri-hökumət təşkilatları, o cümlədən Azad İstehlakçılar Birliyi bu məsələni dəfələrlə gündəmə gətirib, təklif verib, ancaq problemin aradan qaldırılması məqsədilə hələ də təsirli tədbirlər görülmür. Bu isə ona dəlalət edir ki, yüksək mənsəbli dövlət və hökümət məmurları arasında saxta araq biznesini himayə edənlər var, vergidən, DSMF-dən yayınmalar, lisenziya almadan fəaliyyət mövcuddur.

Necə olur ki, qonşu Gürcüstanda bu istiqamətdə aparılan iş büdcə gəlirlərində xüsusi yer tutur, bizdə isə tamam bunun əksinədir. Heç daxili tələbatı keyfiyyətli araqlarla ödəyə bilmədiyimizdən xaricdən gətirilən araqlara üz tutulur,kapital axını baş verir.

Olmazmı, bu sahəni inkişaf etdirməklə ölkə iqtisadiyyatına xeyir gətirilsin. Rəqabətə davamlı araqlar istehsal edilib, lazımi ölkələrə ixrac edilsin. Ölkədə normal zavodlar araq istehsal etməklə bərabər, vergi, DSMF ödəmələri etsinlər,nəticədə iqtisadiyyat zəncirvari şaxələnsin,kənd təsərrüffatına maraq artsın.

Yəqin gözləyirik, ölkə prezidentinin yanında keçirilən müşavirələrin birində keyfiyyətsiz araqlarla bağlı fikirlər səslənsin ki, kimlərsə müsbət istiqamətdə hərəkətə gəlsin. Ondan sonra hamı dilə gəlsin ki, Heydər Əsədov işləmirmiş…(faktinfo)

İnterpress.az